AraşdırmaManşet

Qarabağda ayının min oyunu var: Xankəndidə nə baş verir?  

Son günlər rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda yaşayan ermənilərin vəziyyəti ilə bağlı çeşidli xəbərlər gəlməkdədir. JAMAZ.İNFO xəbər verir ki, hələ bir müddət əvvəl bir qrup erməni sülhməramlıların vasitəçiliyi ilə Şuşa şəhərində yerləşən hərbçilərimizlə görüşüblər.

Həmin görüş zamanı onlar Azərbaycan tərəfindən dəstək istədiklərini, artıq bölgədə yaşamağın dözülməz olduğunu, işsizlik və yoxsulluqdan əziyyət çəkdiklərini bildiriblər. Eyni zamanda, Qarabağ Azərbaycanlıları İcmasını rəhbəri, deputat Tural Gəncəliyev də bir müddət əvvəl onlara Xankəndidən vatçap üzərindən çeşidli müraciətlərin olduğunu bəyan etmişdi. O bildirirdi ki, müraciət edən ermənilər müxtəlif məsələlərlə, o cümlədən Azərbaycan vətəndaşlığı alımaları, işlə təmin olunmaya dair suallar verərək, köməklik istəyiblər.

Bir neçə gün əvvəl isə Xocavənd rayonunda məskunlaşmış 4 uşaq anası olan erməni qadın Şuşa yaxınlığında rus sülhməramlıları tərəfindən saxlanılıb. Belə ki, həmin erməni qadın Şuşaya geri dönmək istədiyini, artıq Xocavənddə yaşaya bilmədiyini deyib. O, Şuşadakı evində məskunlaşaraq, orada yaşamaq niyyətində olduğunu açıqlayıb. Lakin rus sülhməramlıları onu geri qaytararaq, bunun mümkün olmadığını bildiriblər.

Məsələni araşdıran zaman məlum olub ki, Xankəndiyə geri qaytarılmış ermənilərin böyük əksəriyyəti aldadıldığını fərq edib. Məlumatlara görə, onlara hər ay sosial müavinət ödəniləcəyi, evlə təmin olunacaqları, əvvəlki yaşayışlarının bərpa ediləcəyi vəd edilsə də, sonradan separatçılar bu köməklikdən imtina ediblər. Onlar əvvəlcə müvəqqəti məskunlaşmış erməni ailələri üçün nəzərdə tutulmuş kirayə pulunu kəsiblər. Daha sonra isə müavinət kimi verilən 68 min dram pulun da ödənilməsini dayandırıblar. Belə olan təqdirdə, işsiz və köməksiz qalan ermənilərin bir qismi İrəvana, oradan da Rusiyaya köç ediblər. Digər bir qismi Xankəndi və onun ətrafında özünə gün-güzaran qurmağa cəhd edir ki, indiyə qədər bu niyyətləri alınmayıb. Bir qism isə artıq belə yaşamağn mümkün olmadığını, Azərbaycan tərəfi ilə anlaşmağın vacib olduğunu bəyan edərək, bu istiqamətdə konkret addımlar atırlar.

Bu əsnada, JAMAZ.İNFO-ya hərbi mənbələrdən daxil olan məlumatlarda deyilir ki, Xankəndi və onun ətrafında yaşayan ermənilərin onlara müraciət etmə halları əvvəlki dönəmlərə nisbətən daha da artıb. Belə ki, bu yaxınlarda Ağdərə istiqamətində bir qrup erməni kəndlisi hərbçilərimizə müraciət edərək, onlardan iş və maddi köməklik istəyiblər. Həmin şəxslər Ağdərə ərazisində şəraitin olmadığını, işsizlikdən əziyyət çəkdiklərini, habelə maddi sıxıntı içində boğulduqlarını etiraf ediblər. Və vəziyyətdən çıxmaq üçün Azərbaycandan dəstək istədiklərini də dilə gətiriblər.

Qeyd edək ki, Xankəndidə mənzillənmiş terrorçular isə ermənilərin Qarabağdan qaçması və onların Azərbaycandan dəstək istəməsinin qarşısını almaq gücündə deyillər. Onlara rus sülhməramlıları dəstək versələr də, bir nəticə hasil olmur. Elə son günlər Şuşa istiqamətində təxribatların artması, Tağavard, Qırmızı Bazar kəndləri istiqamətində baş verən insidentlərin də bu köçün önlənilməsi, habelə günahı Azərbaycanın üzərinə atmaq məqsədi daşıyır. Erməni və xarici medianın yaydığı məlumatlardan da belə aydın olur ki, separatçılar İrəvandan lazımi dəstək ala bilməməklə yanaşı, yerdə vəziyyəti düzəltmək və nəzarəti gücləndirmək imkanlarından məhrum olublar.

Bunun əyani sübutlarından biri kimi ötən gün Qarabağdakı separatçıların “baş prokurorluğu”nun yaydığı açıqlamanı göstərmək olar. Həmin qondarma “qurum” məlumat yayıb ki, Tağavard və Qırımızı Bazar istiqamətində son günlər baş verən insidentlər guya, Azərbaycan tərəfinin “məqsədli planı”dır. “Azərbaycan tərəfi bununla yerli əhalini qorxutmaq, onları gərginlikdə və davamlı təhdidlər altında saxlamaq, öz torpaqlarında yaşamağın qorxulu olduğunu göstərmək istəyir”.

Bildirək ki, bu açıqlama bəhanədən başqa bir şey deyil. Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Xankəndi və onun ətrafında yaşayan erməniləri öz vətəndaşı kimi görür. Bundan başqa, rəsmi Bakı Qarabağda məskunlaşmış ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesinə hazır olduğunu da bildirib. Bunun fonunda orada yaşayan ermənilər təhdid etmək, qorxutmaq iddiasını irəli sürmək məntiqsizlikdən başqa bir şey deyil. Bu həm də çarəsizliyin nümunəsidir.

Nəzərdən qaçırmayaq ki, Azərbaycan torpaqlarında müvəqqəti yerləşmiş rus sülhməramlıları da ermənilərə qahmar çıxmaqda davam edir. Eyni zamanda, onlar görüntü yaratmağa çalışırlar ki, guya, Qarabağdakı ermənilərə dəstək verir, humanitar yardım göstərirlər. Hətta mümkün qədər cəhd edirlər ki, o görüntünü də yaratsınlar ki, guya, İrəvandakı Qarabağ ermənilərə geri dönürlər. Halbuki son 10 ay ərzində Xankəndi və onun ətraf rayonundan gedən ermənilərin sayı son bir neçə ayda iki dəfədən çox artıb. Bunu hətta erməni mediası da təsdiqləyir.

Dünən isə ruslar belə bir məlumat yayıblar ki, indiyə qədər sülhməramlı kontingent Qarabağda 6500 erməniyə humanitar və tibbi yardım göstərib. Maraqlı odur ki, Rusiya tərəfi cəmi bir nəfərin adını çəkir və ona evində tibbi yardım edildiyini bildirir. Halbuki bunun da birmənalı olaraq görüntü olduğu gün kimi aydındır. Çünki rus sülhməramlı kontingenti orada tutarlı heç bir işlə məşğul olmur. Bunu ermənilər də deyirlər.

Hələ bir qədər əvvəl Xankəndidə yaşayan bir qrup erməni bəyan etmişdi ki, ruslar onlarla insan kimi davranmamaqla yanaşı, hər hansı bir köməklik də etmirlər. Onlar bildirirdilər ki, rus sülhməramlılarının humanitar yardım dedilər şey isə bir qutu makaron, bir ltirlik maye yağ və bir neçə ədəd konservdən başqa bir şey deyil. Paralel olaraq onu da vurğulayırdılar ki, çəkilən şəkillər, habelə ərzaq paylanılması barədə görüntülər də hamısı blefdən başqa bir şey deyil.

Təbii ki, bütün bunlar Qarabağda yaşayan bütün ermənilərin eyni düşüncədə olduğunu deməyə əsas vermir. Onların arasında Aazərbaycana nifrətlə yanaşan da var, bu vəziyyətin davam etməsini istəməyənlər də. Və buna olduqca normal yanaşmaq lazımdır. Lakin nə Ermənistan, nə də Rusiya Qarabağda iqtisadi və sosial vəziyyəti düzəltmək gücündə deyil. Ermənistanın özünün yetərli qədər hərbi, siyasi və iqtisadi problemləri var. Onları aradan qaldırmaq heç də asan məsələ deyil. Digər tərəfdən, Ermənistan Qarabağ məsələsinə bundan sonra stavka etmək, onlar üçün böyük pullar xərcləmək fikrindən də uzaqdır. Elə bu səbəbdəndir ki, erməni diasporunu qabağa verərək, onların nəsə etməsini istəyir.

Rusiyanın dərdi isə orada 5-10 erməni yaşasa belə onlardan istifadə etmək, münaqişənin davam etdiyini göstərmək, bu kartdan həm Azərbaycan, həm də Ermənistana təzyiq etməkdir. Çünki rus olduğu yerdə sülh olmur. Olsa olsa qan olur ki, Moskva da Qarabağda həmin qanların axmasının davam etməsinə çalışır və bunun üçün zəminlər hazırlayır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button