Ermənistan parlamenti iki gündür davam edən sərhədlərin demarkasiyası və Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı müzakirələri yekunlaşdırıb. Bununla bağlı, parlamentdə təmsil olunan müxalifət fraksiyaları bəyanat yayıblar. Maraqlı məqam odur ki, həmin bəyanata Nikol Paşinyanın başçılıq etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası səsəverməkdən imtina edib.
JAMAZ.İNFO xəbər verir ki, müxalif fraksiyaların hazırladıqları bəyanat başdan ayağa Azərbaycanın əleyhinədir. Belə ki, orada bir sıra məqamlar var ki, rəsmi Bakı tərəfindən nəinki qəbul edilə bilməz, üstəlik, buna sərt cavab verməsi vacibdir.
Həmin bəyanatda deyilir ki, guya, Azərbaycan tərəfi Qarabağda və Ermənistanla sərhəddə “cinayət” törədib. Sərhədlərin delmitsiyası məsələsinə toxunan müxalif düşərgə bəyan edib ki, bu məsələ həmsərhəd dövlətlərin müstəsna yurisdiksiyasına aiddir və sərhədlər Birləşmiş Millətlər Təşkilatının 1969-cu il tarixli “Müqavilələr hüququ haqqında” Konvensiyasına əsaslanmalıdır. “Sərhədlərin dəyişdirilməsi referendum yolu ilə həll edilir. Habelə bu proses Azərbaycan Respublikası Ali Soveti və Ermənistan parlamentinin 1992-ci il tarixli 8 iyul tarixli qərarına əsasən həyata keçirilməlidir”.
Ermənistan müxalifəti bir qədər də uzağa gedərək, öz xəyallarındakı məsələni də bəyanatlarına salıblar. Qeyd ediblər ki, guya, Qarabağda yaşayan ermənilər “öz müqəddəratlarını təyin etmək hüququna” sahibdirlər. “Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmə hüququ və “işğal edilmiş ərazilər”in məsələsin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həllini tapmalıdır. Bundan başqa, Ermənistan Respublikası “Dağlıq Qarabağ Respublikasını” və onun əhalisinin hüquqlarının müdafiəsini dəstəkləyir. “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın tərkib hissəsi kimi qeyd olunduğu hər hansı beynəlxalq və ya daxili sənəd Ermənistan Respublikası üçün qəbuledilməzdir”.
Bundan sonra erməni müxalifəti “ultumativ dildə” danışmaqdan da çəkinməyib. Məsələn, revanşistlər bəyan ediblər ki, Azərbaycan SSR tərəfindən “işğal edilmiş” Qarabağ, Azərbaycanın tıərkib hissəsi ola bilməz. Bu azmış kimi, vurğulayıblar ki, Ermənistan Respublikasının xəritədə qeyd olunan hər hansı sərhədləri əsas kimi qəbul etmək üzrə beynəlxalq hüquqi öhdəliyi yoxdur. “Ermənistan Respublikasını rəsmi şəkildə təmsil edən hər hansı şəxs, o cümlədən hökumət başçısı və ya digər nümayəndə Qarabağ Respublikasına və Ermənistan Respublikasına aid yuxarıda qeyd olunan hüquq normalarını pozaraq, yazılı və ya şifahi razılığa gələ bilməz. Hər hansı belə müqavilə əvvəldən etibarsızdır. “Uti possidetis” prinsipi o halda tətbiq oluna bilər ki, hər iki tərəf onu sərhədləşdirmə üçün əsas kimi qəbul etməyə razı olsun”.