ManşetSiyasət

Ovik Ağazaryan: “Ermənistan Qarabağın “müstəqilliyi”ni tanıyan ilk dövlət olmayacaq”

Ermənistanda baş nazir Nikol Paşinyanın Qarabağla bağlı açıqlaması geniş müzakirə mövzusudur. Müxalifət bu açıqlamadan sonra hakimiyyəti satqın elan edib. Hətta etirazlara da başlayıblar. Lakin bu etirazların miqyası heç də onların gözlədikləri kimi deyil.

JAMAZ.İNFO xəbər verir ki, İrəvan hökumətinin təsmilçiləri isə müxalifətin dedikləri ilə razılaşmırlar. “Hraparak” qəzetinə açıqlama verən Ermənistan parlamentinin deputatı, hakim “Mülki Müqavilə” Partiyasının rəsmisi Ovik Ağazaryan bildirib ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıqdan sonra onun öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi üçün mübarizə aparacaqlar.

Onun sözlərinə görə, Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” sözü müxalifət tərəfindən spekuliyasiya edilir. “Bu, konkret dövrdə, konkret şərtlər daxilində deyilib. Fikrimcə, o bəyanat Qars, Ərdahan kimi Qarabağın da Ermənistan olması ilə bağlıdır. Çünki Qarsdan, Ərdahandan və tarixi vətənimizin digər yerlərindən fərqli olaraq xalqımızın bir hissəsi Qarabağda yaşayır. Bu da sondur və biz xalqımızın yaşamaq və özünün haqqını həyata keçirmək üçün hər şeyi etməliyik”.

Ağazaryan daha sonra qeyd edib ki, Ermənistanın Azərbaycanla hazırda bəzi xırda istisnaları çıxmaqla, heç bir problemi yoxdur. “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdığımızı bir daha təsdiqləyirik. Ona görə təsdiq etmək istəyirik ki, bəzi lokal problemlər istisna olmaqla, Azərbaycanla sərhəd problemimiz yoxdur. Və Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, Qarabağdakı ermənilərlə Azərbaycan arasında münasibətlər məsələləri Ermənistan-Azərbaycan münasibətlərindən ayrılmalıdır”.

Erməni deputat vurğulayıb ki, artıq əvvəlki dövr deyil. “Bilirsiniz, bütün sular çəkilib, meydan zəifləyib. Əgər müxalifət bizim yanaşmalarımızla razılaşmasalar, məsələni özləri qaldıra və Qarabağın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirə bilərlər. Təbii ki, biz bu məsələni müdafiə etməyəcəyik”.

Ağazaryan Ermənistanın Qarabağın “müstəqilliyini” tanıyan ilk ölkə olmayacağını da bildirib. O deyib ki, bu gün Qarabağdakı ermənilərə maliyyə yardımı edilməsi başqa məsələdir. “Biz Qarabağın öz müqəddəratını təyinetmə hüququ yolunda hara çatacağımızı, beynəlxalq ictimaiyyətin necə reaksiya verəcəyini görəcəyik. Amma biz Qarabağın statusu məsələsini indi həll etsək və Azərbaycanın ərazi bütövlüyünü tanımasaq, bu, Azərbaycana bizimlə müharibə elan etmək üçün qanuni hüquq verir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button