
Ombudsmanın bu dəfəki hesabatını da, təəssüf ki, növbətçi hesabat kimi qiymətləndiririk, çünki açıq-aşkar görünür ki, ötən illərdəki hesabatlardakı məlumatlar toplusu ilə indiki arasında, cüzi istisnalar nəzərə alınmasa, heç bir fərq yoxdur. Müxtəlif sahələrdə hansısa problemlər, nöqsanlar, yanlış idarəetmədən yaranan sıxıntılar haqqında çeşid-çeşid məlumatlar verilsə də, problem ondadır ki, qurumların, idarələrin, şöbələrin adları, bu nöqsanlara yol verən vəzifəli şəxslərin kimlikləri göstərilməyib, konkretləşdirilməyib. Biz görmüşük ki, müvafiq hesabatla, daha çox insan hüquqlarını ehtiva edən qanunvericilikdəki boşluqları aşkara çıxarmaq, həmçinin fundamental insan haqlarına aid problemləri əhatə edən məsələlər hökumət qarşısında tələb kimi qoyulsun. Bunu müşahidə etmədik əksinə… Hətta bəzi kritik məsələlərin üzərindən ötəri keçilib. Ümumiyyətlə, ölkədə bir çox məsələlərlə bağlı həm qanunların özündə ciddi problemlər var, bundan da pisi, qanunların işləmə mexanizmində ciddi nöqsanlar var, bir çox qurumlar həmin nöqsanları aradan qaldırmağa etinasız yanaşırlar ki, Ombudsmanın hesabatında bununla əlaqədar də konkret fikirlərə, faktlara rast gəlinmədi. Xüsusilə, bəzi hüquq-mühafizə orqanlarının qanunsuz həbslərə ciddi əsaslar olmadan sanksiya verməsi, məhkəmələrin siyasi motivli belə sifarişli işlərə alət edilməsi və onların müstəqilliyinə şübhələr yaradan nüanslar, eləcə də istintaq altında, təcridxanalarda işgəncə faktları, həmçinin qadın hüquqlarından tutmuş təhsil hüququna kimi, keyfiyyətli səhiyyə xidməti, dərman preparatlarının keyfiyyəti və təsiretmə effekti, o cümlədən ərzaq və qida təhlükəsizliyi məsələlərinə qədər bir çox sahələrdə mövcud olan dərin böhran əksər hallarda hesabatda ya əksini tapmır, ya da üzərindən ötəri keçilir. Fərqli sahələr üzrə qanunvericilik bazası günün tələblərinə heç cür cavab vermir və müvafiq qiymətləndirmədən sonra təkmilləşdirilməsinə zərurət var, lakin bu barədə də konkret təkliflərin olduğuna rast gəlmədik. Xüsusilə, beynəlxalq standartlardan uzaq və ictimaiyyəti qane edən mütərəqqi yanaşmalardan geri qalan, daha çox məhdudlaşdırıcı maddələrlə mürtəceləşdirilən “Siyasi Partiyalar haqqında” və “Media haqqında” qəbul edilmiş yeni qanunlar barəsində hesabatda bir cümlənin belə olmaması təəssüf doğurur. Əslində isə, normal ölkələrdə Ombudsmanın bu qanunlarla bağlı hər hansı bir reaksiyası, qiymətləndirməsi olur. Ombudsman Aparatının onlara yönəlmiş çağırışlara, iradlara, tənqidlərə məhəl qoymaması, bu mənada cəmiyyətə qarşı saymazlığı xoşagəlməz və qəbuledilməz hal hesab edirik. Bunun əksinə, Ombudsman institutu cəmiyyətlə və media ilə sıx əməkdaşlıqda daha çox maraqlı olmalıdır. Məruzə ilə tanış olduqca bir daha əmin olursan ki, Ombudsman aparatı hələ də tam müstəqil, hökumətin nəzarəti altında olmayan bir institut kimi formalaşa bilməyib. Bu planda, istər-istəməz məruzənin bilavasitə real vəziyyəti tam mənada əks etdirmədiyi qənaəti də əmələ gəlir. Şübhəsiz, bütün bu neqativ nümunələr bizdə o qənaəti möhkəmlədir ki, ombudsman kabinet müvəkkilinə çevrilməməlidir, daha çoxşaxəli, mürəkkəb sistemli, lakin dinamik və effektiv iş qurulsa, ciddi nəticələr əldə etmək mümkün olar.
AY Partiya Başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi