ManşetÖlkə içi

Müharibədən sonra canı ilə döyüşənlər: Qazilər niyə əlillik dərəcəsi ala bilmirlər?

22 yaşlı Adəm Məmmədzadə 44 günlük müharibədən sonra əllilik dərəcəsi ala bilməyən döyüşçülərdən biridir. Oktyabrın 15-də Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb, indiyə qədər  16 dəfə əməliyyat olunub: sağ və sol ayağı dizdən aşağı parçalanıb, sağ ayağında 13 sm sümük dağılıb, qarın boşluğundan  yaralar alıb.

Adəm danışır ki, müharibədən bir il keçməsinə baxmayaraq, o hələ də canı ilə döyüşdədir.

Adəm Məmmədzadə

Son bir ildə həm Azərbaycanda, həm də YAŞAT Fondunun yardımı ilə Türkiyədə müalicə alan döyüşçünün başı səhhətinə qarışdığından əlillik dərəcəsi ala bilmədiyini söyləyir. Üstəlik sentyabrın 28-də sənədləri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında itib. Yalnız problem mediada işıqlandırıldıqdan sonra sənədləri tapılıb. “Bilmirəm hara, kimə şikayət edim?”,-deyə qazi bildirir.

Müdafiə Nazirliyi məsələnin araşdıracağını söyləsə də, sorğuya cavab almaq mümkün olmayıb.

Adəminsə bundan sonra əlillik dərəcəsi almaq üçün görəcəyi çoxlu işlər var: Şəhadətləndirmə kağızı almaq, tibbi müayinələr, elektron sistemdə qeydiyyatdan keçmək və s.

 “Ortada qalmışam”

II Qarabağ müharibəsi iştirakçısı Kənan Hacızadə də oxşar problemdən əziyyət çəkdiyini söyləyir: “Kontuziyalı olduğum üçün huşum yerində deyil, qəlpə yarası aldığım qolumda çürümə gedir, artıq qolum öz fəaliyyətini itirir. Papanin hospitalında Kəmalə xanım müayinə etdikdən sonra sənədimə hərbi xidmətə yararlısan yazıldı”.

Kənan Hacızadə

Kənan deyir ki, indiyə qədər cəmi bircə dəfə YAŞAT Fondundan 2500 manat yardım alıb. Ancaq əlillik dərəcəsi olmadığı üçün özünü dolandıra bilmir, sağlamlığı isə işləməyə imkan vermir.

“Şəhadətnamə veriləndən sonra əlilliyin qiymətləndirilməsi aparılacaq”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov deyir ki, müharibə iştirakçıları – Kənan Hacızadə və Adəm Məmmədzadə barədə hərbi həkim komissiyası tərəfindən şəhadətnamə təqdim olunmayıb və həmçinin onlar barəsində elektron sistemə tibb müəssisəsi tərəfindən göndəriş də daxil edilməyib.

Tural Qurbanov

“Qeyd olunan şəhadətnamə təqdim olunduqda və e-sistemə göndəriş daxil edildikdə, hər iki şəxsin əlilliyinin qiymətləndirilməsi aparılacaq”.

Əlillik dərəcəsinin verilməsi iki mərhələdən keçir. Birinci növbədə vətəndaşın ümumi tibbi vəziyyəti qiymətləndirilir və onun əsasında elektron məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, TƏBİB, səhiyyə mütəxəssisləri və ehtiyac yaranarsa, Müdafiə Nazirliyinin nümayəndələri cəlb olunur və müvafiq əyani müayinələr nəticəsində qiymətləndirmə aparılır.

Qazilər nə üçün əlillik ala bilmir?

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun apardığı monitorinqə görə, Azərbaycan Silahlı Qüvələrinin ümumilikdə 150-180 minlik şəxsi heyətindən təxminən 20%-i (30-36 min) döyüşlərə cəlb edilib. Onların təxminən 10%-i həlak olub.

Qeyri-rəsmi məlumatlara görə, yaralıların, xəsarət alanların ümumi sayı, 4 min nəfərdən artıqdır. Bir sözlə, Azərbaycan Silahlı Qüvvələrinin döyüşən hər 5 əsgərindən 1-i ya şəhid olub, ya da yaralanıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev oktyabrın əvvəlində mətbutata açıqlamasında prosesin tam şəffaf şəkildə icra olunduğunu, müharibə zamanı yaralanan 2100-ə dək qaziyə əlillik təyin olunduğunu açıqlayıb.

O həmçinin bu il əlillik təyin olunanların sayının 2 dəfə artdığını, 40 mindən çox şəxsə təkrar əlillik təyin edildiyini bildirib.

Rəqəmlərə istinad etsək belə çıxır ki, indiyədək 4 min yaralı əsgərin təxminən yarısı əlillik dərəcəsi ala bilib.

 “Əlillik dərcəsi ala bilmək birabırçılıq həddindədir”

“Qazilər” İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu 44 günlük döyüşlərdə yaralanan qazilərin üzləşdiyi çətinlikləri belə şərh edir: “Doğrudur, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Nazirlər Kabinetinin 413 saylı saxta qərarına istinad edərək deyir ki, problem yoxdur. Ancaq  əlillik dərəcəsinin müəyyənləşdirilməsinin elektron sistemlə aparılması problemi həll etmir, əksinə problem yaradır”.

Rey Kərimoğlu

Elektron sistemdə qüsurlar olduğunu deyən mətbuat katibinin sözlərinə görə, nəinki müharibə iştirakçılarının, ümumiyyətlə, digər şəxslərin də əlillik təyinatı alması mürəkkəbləşib: “Adam var 4 ildir yataq xəstəsidir, amma əlillik dərəcəsi ala bilmir. Bu gün qazilər təkrar müayinədən keçəndə çox böyük ədalətsizlik, haqsızlıqla qarşılaşırlar. Tibbi Ekspertiza və Reabilitasiya Mərkəzinin həkim komisiyyası isə yarıtmaz fəaliyyət göstərir”.

Bəs dövlətin bu istiqamətdə atdığı addımlar yetərlidirmi?

Siyasi şərhçi Anar Məmmədli  “Feysbuk”da fikrilərini qısaca belə ifadə edib:

“Bir il öncə cəbhədə qızğın döyüşlər gedərkən çox az adam postmüharibə dövrünün sosial çətinlikləri barədə düşünür, qayğılarını bölüşürdü. Müharibə ideal şəkildə olmasa da, bizim üçün əlverişli siyasi üstünlüklə bitdi. İndi isə ölkə olaraq iqtidarın sosial qayğıları həll etmək əvəzinə siyasi üstünlüyü primitiv və bayağı şəkildə sui-istismar etməsinə şahid oluruq. Müharibədə zərəçəkmiş, fiziki sağlamlığını itirmiş qazilərlə bağlı hələ də doğru-dürüst sosial proqram icra edilmir. Bu barədə dəqiq statistik məlumat belə açıqlanmır. Çoxmu çətindir?! “

Keçmiş döyüşçü R.Kərimoğlu isə hesab edir ki, qanunvericilik bazasında əlillərə yetərincə diqqət və qayğı göstərilməsi  nəzərdə tutulub.

“YAŞAT fondu yaradılıb, əlillik qrupları olanlara sığorta pulu ödənir, Müdafiə Nazirliyindən yaralanması haqqında şəhadətnamə alan qazilərə 2500 manat yardım edilib. Rayon, şəhər icra hakimiyyətində Şəhid Ailələri və Yararılara İş Şöbəsi fəaliyyət göstərir. Həmçinin prezidentin fərmanı ilə Vahid Əlaqələndirmə Mərkəzi yaradılıb”.

Bununla belə o hesab edir ki, hüquqi bazada yetərincə imkanlar verilsə də, praktikada bu, özünü doğrultmur. Eyni zamanda hələ də müharibə iştirakçılarının bütün problemlərini həll edən vahid təşkilat yoxdur.

“Şəhid Ailələri və Yararılara İş Şöbəsi  effektiv deyil. Təyin olunan adamlar idarəetmədə qüsurlar buraxır. Məsələn, Sumqayıtda bu vəzifəyə təyin olunan adam icra başçısı Zakir Fərəcovun sağ əlidir.

Tibbi Ekspertiza və Reabilitasiya Mərkəzinin həkim komisiyyasının faəliyyəti qənaətbəxş deyil, ümumiyyətlə bu komisiyya ləğv edilməli, yenidən formalaşdırılmalıdır”.

Rey Kərimoğlu həm də Nazirlər Kabinetinin 413 saylı qərarının ləğv ediləcəyini, növbəti ilin yayında isə yeni qanunun qüvvəyə minəcəyini söyləyir: “Ancaq yenə də qanunvericilik başqa bir haqq tanımır. Hələlik normativlər əlillik dərəcəsini müəyyənləşdirir ki, bu da ciddi problemlər yaradır”.

R.Kərimoğlu bu ilin yayında yaradılan Vahid Əlaqələndirmə Mərkəzinin problemlərin həllinə töhvə verəcəyini düşünür.

Bu mərkəzin müharibədə həlak olanların ailə üzvlərinə, döyüşlərdə xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə, səyyar formada da xidmətlər göstərdiyi bildirilir. Yəni sağlamlıq vəziyyəti məhdud olduğundan mərkəzə gələ bilməyən şəxslərə yaşadıqları və ya olduqları yerdə mərkəzin iş qrafikinə uyğun səyyar formada xidmətlər göstərildiyi qeyd olunur.

 “Toplum TV”-yə problemlərini danışan qazilər isə belə bir mərkəzin varlığından xəbərsiz olduqlarını söyləyirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button