“Dağlıq Qarabağ zəfəri ilə alt-süt olan regional tarazlıq fonunda Türkiyənin önə çıxması lap əvvəldən İranı narahat edirdi”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər Türkiyənin nüfuzlu “Milliyet” qəzetində dərc olunmuş məqalədəndir.
Qəzet yazır ki, İran iqtidarına yaxın mediya müharibə dönəmindən etibarən Türkiyənin bölgədə artan nüfuzunu ciddi şəkildə təhlil edir və Ankaranın İranla Ermənistan arasındakı bağlantını kəsmək üçün çalışdığını iddia edir.
Məqalədə vurğulanır ki, Türkiyənin Xəzər dənizi sahillərində Azərbaycanla birlikdə hərbi təlimlər keçirməsi isə İranda gündəmə çevrilmişdi. “İranlı analitiklər Xəzər dənizinə qonşu olmayan bir ölkənin o bölgədə hərbi təlimlər qatılmasına icazə verdiyi üçün Azərbaycanı sərt tənqid edir. İran yük maşınlarının Qarabağa yük daşıyarkən saxlanılmalarının ardından isə tirajlı “Keyhan” qəzeti iddia ilə çıxış edərək, Ankaranın Bakıya İran yük maşınlarının Ermənistana getməsini əngəlləmək üçün təzyiq etdiyini yazdı”.
“Milliyet” yazır ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur Dəhlizi məsələsi isə İranın tüklərini biz-biz edir. “Çünki dəhliz İranla Ermənistanın quru bağlantısını kəsə bilər”.