Azərbaycanda maraqlı tenderlər keçirilir. Zaman-zaman bu tenderlərdə rəqəmlərin məqsədli şəkildə şişirdilməsi də müşahidə olunur. Əksər ekspertlər isə bildirir ki, tenderlərin reallıqdan uzaq qiymətləndirilməsi bir çox İcra Hakimiyyətlərinin qazanc yeri kimi də diqqəti çəkir.
JAMAZ.İNFO xəbər verir ki, belə qəribə tenderlərdən birini də Lənkəran İcra Hakimiyyəti keçirib. İyulun 24-də bağlanmış müqaviləyə əsasən “EVEREST-2022” MMC bu il üçün “Əhalinin ardıcıl olaraq bir sıra müraciətlərinə əsaslanan 2024-cü il ərzində fərdi yaşayış evlərində aparılacaq bir cari və əsaslı təmir işləri üçün xüsusi təyinatlı malların satın alınması” prosesini həyata keçirəcək. Bunun üçün isə 272.308,6 manat pul ayrılması qərarlaşdırılıb.
İlk baxışdan burada qəribə və qeyri-adi heç nə görünmür. Təbii ki, İcra Hakimiyyəti rayonda mənzillərin təmir və tikintisi prosesini həyata keçirməlidirlər. Amma alınan tikiti materaiallarının siyahısına diqqət yetirdikdə məlum olur ki, Lənkəran İcra Hakimiyyəti bir cari və bir əsaslı təmir işi üçün rəqəmləri bir xeyli şişirdib.
JAMAZ.İNFO-nun apardığı araşdırma nəticəsində belə məlum olub ki, Lənkəran İcra Hakimiyyəti bir cari və əsaslı təmir işi üçün 9000 ədəd şifer, 300 ton M400 markalı sement, 120 kub metr 5-lik taxta, 120 kub metr taxta dirək sifariş edib.
Amma bu da yekun deyil. İcra Hakimiyyəti həmçinin “EVEREST-2022” ilə müqaviləsində 120 kub metr taxta reyka, 20 min ədəd mişar daşı, 1000 ədəd 25 kq-lıq emulsiya, 1000 ədəd 4 litlik Binder, 2.25 kv.metr sahəsi olan 500 ədəd fanerka da alınmasını razılaşdırıb.
Mütəxəssislər bununla bağlı deyiblər ki, Lənkəran İcra Hakimiyyətinin sifariş etdiyi təkcə mişar daşı ilə hər birinin sahəsi 100 kv.metr, iki mərtəbəli ev tikmək mümkündür.
Onlar alınacaq 25 min litr emulsiyanın isə ümumilikdə 1.5 milyon kvadrat metrə bəs etdiyini vurğulayırlar. Çünki bir ədəd 25-lik emulsiya 60 kvadrat sahəyə kifayət edir. Həmçinin 4000 litr binderlə də orta hesabla 120 min kvadrat metr sahəni yumaq mümkündür.
9000 ədəd şifer və 300 ton sementə gəlincə, mütəxəssislər bildirirlər ki, bu da kifayət qədər şişirdilmiş rəqəmdir. Onlar qeyd edirlər ki, ikimərtəbəli bir evin tikintisi üçün 8 ton sement kifayət edir. 9000 ədəd şifer isə təxmini 27 min kvadrat metr sahəyə yetərlidir.
JAMAZ.İNFO tenderin qalibi olmuş “Everset-2022” MMC-ni də araşdırıb. Məlum olub ki, bu şirkət bir çox böyük tenderlərin də qalibi olub. Belə ki, sözügedən MMC Bakı Dövlət Universiteti (BDU) ilə dəyəri 1 402 369,66 manat təşkil edən satınalma müqaviləsi imzalayıb. Həmin pula isə BDU-ya inventar, avadanlıq və müxtəlif malları satın alacaq.
Qeyd edək ki, “Everest-2022” MMC 11 aprel 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur. Bu şəxsin kimliyi barədə isə əlavə məlumat yoxdur.
Onu da bildirək ki, şirkət 2023-cü ildə də 5 tenderin qalibi olub. Bu tenderlər BDU, Səbail Rayon İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfat Birliyi, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfat Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirib.
İndi sual meydana çıxır: Lənkəran İcra Hakimiyyəti bir evin cari, bir evin isə əsaslı təmiri üçün bu qədər tikinti materialını nə üçün sifariş edib? Olmaya icra başçısı Taleh Qaraşov 40 evə bəs edəcək tikinti materialı ilə Lənkəranda qəsəbə salmaq fikrinə düşüb? Bəlkə başqa niyyəti var? Suallarımız açıqdır və ümid edirik ki, sözügedən qurum buna aydınlıq gətirəcək.