ManşetSiyasət

Kissincerin “arzuları”, “Ərzaq anbarı” uğrunda savaş və Rusiyanın hədəfi  

Məşhur amerikalı siyasətçi, strateq Henri Kissincer Davos Forumunda çıxışı zamanı deyib ki, Rusiya ilə müharibə Qərb üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. O qeyd edib ki, Kiyev Moskvanın şərtlərini qəbul etməli, hətta torpaqlarının bir hissəsini də Rusiyaya verməlidir.

Kissincer Kiyevdən hansı güzəştləri istəyir? O konkret ərazilərdən danışmır. Ukraynanın neytral ölkə olmasını istəyir. Eyni zamanda, Rusiya ilə Qərb arasında “körpü” funksiyasını həyata keçirməsini dilə gətirir. Bunu da belə əsaslandırır ki, Rusiya Qərb üçün həmişə güc olub və onun bir parçasıdır.

Bu gün Rusiya hansı əraziləri işğal edib? Donbas və Xerson vilayətləri demək olar ki, rusların əlindədir. Hədəflərdən biri Odessanı da ələ keçirməkdir. Bununla da Ukraynanın Qara və Azov dənizlərinə çıxışı bağlanmış olur. Amma məsələ dənizlərə çıxışla bitmir. Problem ondadır ki, Ukrayna bu iki ərazini itirərsə, dünyanın taxıl, qarğıdalı və daha bir çox ərzaq məhsulları “anbar”ından məhrum olacaq. Yəni, bundan sonrakı mərhələdə həmin “anbar” Rusiyanın əlində olacaq ki, bu da zəruri qida bazarında Kremlin diqtəsi deməkdir. Necə ki, bu gün Moskva, limanlarda milyonlarla ton taxıl və digər dənli bitkilərin ünvanlarına çatmasına imkan vermir. Nəticədə, dünyanın 30 ölkəsində ciddi ərzaq qıtlığı yaranıb. Həmçinin dünya birjalarında bir çox mal və məhsulların qiymətləri sürətlə bahalaşmağa başlayıb.

Hər halda Kissincer Rusiyanın belə bir üstünlük sahibi olmasını arzulamaz. Ona görə ki, bu, ABŞ-ın əlini zəiflədən faktordur. Amma görünən odur ki, hansısa başqa səbəb keçmiş dövlət katibini belə bir qənaətə gəlməyə sövq edib.

Ukraynanın neytral olub, olmaması, “körpü” funksiyasını həyata keçirməsi əhəmiyyətsiz məsələlərdir. Bu mahiyyət etibarı ilə heç nəyi dəyişmir. Lakin qeyd etdiyim ərazilərin itirilməsi Kiyevin mərkəz mövqeyindən, yedək oyunçu mövqeyinə düşməsi anlamı daşıyır. Bu gün Rusiyanın çarpışdığı, günahsız insanların qanını tökməsi də məhz sözügedən “anbara” dahib olmaqdır. NATO, “TƏHDİD” kimi sözlər isə bəhanədən başqa bir şey deyil. Bunu zaman içində Kreml rəsmilərinin gətirdikləri “arqument”lərdən də aydın görmək olur.

Lakin maraqlı bir məqam da odur ki, Kissincer 2000-ci illərin əvvəllərində bəyan edirdi ki, Rusiya çox böyük ölkədir və onun parçalanması lazımdır. Bundan başqa, “yeni dünya siyasi xəritəsi 1918-ci ildəki sərhədlərlə müəyyən olunmalıdır” deyimi də ona məxsusdur.

Onun fikrini dəyişməsi maraqlı məqamdır. Kissincer nədən bu qənaətə gəlib, demək çətindir. Güman etmək olar ki, onu narahat edən, habelə bu qənaətə gəlməyə vadar edən əsas səbəb Rusiyanın Çinlə birləşərək, ittifaq qura biləcəyidir.

Düzdür, bunun üçün zəmin var. Üstəlik, Çin bu prosesdə daha maraqlı tərəf kimi çıxış edir. Səbəbi də gələcək üçün düşündüyü planının icrasıdır. Yəni, Pekin uzun illərdir Sibiri ələ keçirmək üçün çalışır. Öz əhalisini ora yerləşdirməklə, həm əlavə ərazi əldə etməyi, həm də bölgənin təbii sərvətlərindən yararlanmağı düşünür. Bbu planı Kremldə də yaxşı bilirlər. Elə bu səbəbdəndir ki, Moskva vaxtaşırı Çindən alınan mal və məhsullara qadağalar qoyub. Həmçinin Uzaq Şərq və Sibirdə fəaliyyət çöstərən çinliləri deportasiya edib.

Bütün bunların fonunda Rusiya Çinə vahib pul yaratmaq təklifini etsə də, Pekin buna isti yanaşmayıb. Buna səbəb də FED-in maliyyə səhmlərinin önəmli hissəsi onların əlindədir. 3 trilyon dollarlıq valyuta rezervinə malik Pekin, yeni məcaraya qoşulmaq fikrində deyil kimi görünür.

Yəni, Rusiya ilə Çinin müttəfiqliyi ən yaxşı halda bir həddə qədər davam edə bilər. Həmin həddən sonra tərəflər arasında nəinki münasibətlərin pozulması, hətta münaqişəli vəziyyətlərin yaranması da mümkündür.

Beləliklə, Kissincerin açıqlamasını tərsinə də oxumaq mümkündür. Elə gedişat da mətnin tərsinə oxuduğunu deməyə əsas verir.

Fərda Uğur

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button