İranın yeni prezidenti Məsud Pezeşkiyan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Zəngəzur Dəhlizi məsələsinə toxunub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə İRNA Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Pezeşkiyan Paşinyana deyib ki, Tehran beynəlxalq sərhədlərin istənilən dəyişikliyinə qarşıdır. “Bizim Ermənistanla kiçik sərhəddimiz var, lakin böyük ümidlərimiz olan ölkə ilə əlaqələrimizi dərinləşdirmək niyyətyindəyik. İran istənilən sərhəd dəyişikliyinin əleyhinədir, ölkələrin əraz bütövlüyünü dəstəkləyir”.
Ekspert Fikrət Fəraməzoğlu bildirib ki, İranın yeni prezidentinin belə açıqlama verməsindən təəccüblənmək lazım deyil. “Əvvəlcədən bəlli idi ki, İranda kimin seçilməsindən asılı olmayaraq, bu ölkənin xarici siyasətində hər hansı dəyişiklik olmayacaq. Pezeşkiyan da digərləri kimi, İranın xarici siyasətini müəyyən edən dini liderin ofisinin dediklərini təkrarlamaq məcburiyyətindədir”.
O qeyd edib ki, İranın təkcə bölgə ilə deyil, uzaq ölkələrlə münasibətlərində korrektələrin olması zamana bağlı məsələdir. Onun sözlərinə görə, bu, yalnız Qərblə münasibətlərin hansı səviyyədə qurulmasından asılı olacaq. “İran Qərblə danışıqlara başlayacaq. Bu proses ABŞ-da keçiriləcək prezident seçkilərindən sonraya təsadüf edəcək. Çünki orada kimin seçilməsi məsələsi Tehran üçün önəmlidir. Əgər Qərblə İranın maraqlarına uyğun (bu tam olmaya da bilər) razılaşma əldə olunarsa, bölgədə müəyyən dəyişikliklərə gediləcək. Amma bu heç də o demək deyil ki, İran təməl prinsiplərindən əl çəkəcək. Yəni, Zəngəzur Dəhlizinə qarşı çıxmayacaq və sairə. Sadəcə, ritorika dəyişəcək”.