“Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə də toxunub: “Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxundu. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik”.
JAMAZ.İNFO xəbər verir ki, Hikmət Hacıyevin açıqlamasına İrəvandan reaksiya verilib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması və imzalanması bir sıra şərtləri özündə ehtiva edir. “Biz hərtərəfli sülh müqaviləsi üzərində işləməyə davam edəcəyik. Bunun üçün Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yolu ilə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı çərçivəsində həllini tapmaq lazımdır”.