
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan Azərbaycanla gizli danışıqlar mövzusu barədə açıqlama verib. JAMAZ.İNFO Politik.am saytına istinadən xəbər verir ki, o, 2018-2019-cu illərdə aparılan danışıqlarda ondan başqa daha bir məmurun iştirak etdiyini bildirib. Lakin Vanetsyan ikinci məmurun adını çəkməyib.
Erməni mediası iddia edir ki, danışıqlarda iştrak etmiş ikinci məmur Hraçya Taşçyandır. Məlumatda deyilir ki, Vanetsyan azərbaycanlı həmkarı ilə görüşürdüsə, Taşçyan Prezident İlham Əliyevin ən sadiq adamlarından biri olan, hazırda dövlət başçısının xarici əlaqələr üzrə müşaviri olan Hikmət Hacıyevlə WhatsUp vasitəsilə əlaqə saxlayıb.
Erməni mətbuatı qeyd edir ki, Taşçyan Ermənistanın ən yaxşı diplomatlarından biridir. O, Xarici İşlər Nazirliyində bir çox mühüm vəzifələrdə çalışıb. Fövqəladə və Səlahiyyətli səfir diplomatik rütbəsinə malik olan Taşçyan 2020-ci ildə baş nazir Paşinyanın köməkçisi olub. İyulun 8-də isə o, Hökumət Aparatının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Azərbaycan tərəfi bununla bağlı hər hansı bir açıqlama verməyib.