ManşetÖlkə içi

General Altay Mehdiyevdən şok açıqlama: “Nəcməddin Sadıqov 1994-cü ildə azad etdiyimiz bir neçə kəndi ermənilərə qaytardı”

“Xidmət etdiyim müddət ərzində mənə qarşı törədilən qanunsuzlara baxmayaraq xeyli sayda çox uğurlu əməliyyatlar keçirmişik”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-mayor Altay Mehdiyev Faceook hesabında yazdığı statusda bildirib.

Onun sözlərinə görə, keçirilən əməliyyatlarda itki olmayıb. Altay Mehdiyev əlavə edib ki, ən uğurlu əməliyyat 2003-cü ildə düşmənin nəzarəti altında olan Buzqov dağı və Havuç kəndi arasında 70 kv.km yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etmək olub. General-mayor daha sonra yazıb: “Qəbul etdiyimiz əsaslandırılmış qərar, real vəziyyətə uyğun olaraq hazırladığımız döyüş planı, döyüş planına uyğun olaraq keçirdiyimiz təlimlər, əməliyyata cəlb olunan bölmələrin hazırlığı, döyüş ərazisində qabaqcadan gördüyümüz ağlabatmaz mühəndis işləri, şəxsi heyət tərəfindən məxfiçilik rejiminə tam şəkildə riayət olunması və nəhayət qarşımızda duran lovğa, özündən razı, heç bir hazırlığı olmayan, Qarabağ müharibəsinin ilk günlərində bizim səhvlərimiz hesabına təsadüfi “qələbə” qazanan düşmənin durumu  bizə bu əməliyyatı çox uğurlu keçirməyimizə əsas verirdi.

Bəli, bu əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, birnəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik!

Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş qərərgah rəisi vəzifəsində olan general Nəcməddin Sadıqov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan,  çox acıqlı və qəzəbli bir tərzdə dedi:

 -Siz haradasınıız ?  Nə ilə məşğulsunuz ?

-Ön xətdə! Müdafiə xəttini möhkəmləndirməklə!

 -Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş qərərgah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib, onların “torpaqlarını” zəbt etmisiniz. Yerevanda prezident aparatı qarşısında mitinq keçırılır. Mən sizə əmr edirəm, təcili olaraq əvvəlki mövqelərimizə qayıdın.

-Oldu!

Bu sözü 1974 – cü ildən hərbi xidmətdə olduğum bütün müddət ərzində söylədiyim qədər ürəkdən, böyük bir sevinc hissi, yüksək templə söyləməmişdim. Lakin onun “əmrinə” məhəl qoymadan çox uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim.

Ən maraqlısı odur ki, general Sadıqov çox gözəl bilirdi ki, Naxçıvan MR keçirdiyimiz bütün tədbirlər Ali Məclisin sədri cənab Vasif Talıbovun şəxsən tapşırığı, razılığı və nəzarəti altında, qarşımıza qoyduğu “əgər torpaq bizimdirsə, o torpaqlara biz nəzarət etməliyik” tələbi altında həyata keçirilirdi. Bütün bunlara baxmayaraq yenə də digər istiqamətdə olduğu kimi Naxçıvan MR-də istədiyini həyata keçirməyə çalışırdı!

Əks halda, qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə hələ 1994 cü  ilin yanvar ayında  yaşadığım problemləri yenidən mənə yaşadacaq idi.

Belə ki, 1993-cü ilin dekabr və 1994-cü ilin yanvar aylarında Tərtər istiqamətində briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə Nazirliyindən xəbərsiz, öz qərarımla, bir neçə kəndi azad etdiyimə görə general Sadıqov yanvar ayının 27 də general Vasyak və iki polkovniklə Tərtərə gələrək məni briqada komandiri vəzifəsindən uzaqlaşdırdı, azad etdiyimiz torpaqları isə qısa bir zamanda düşmənə təhvil verdilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button