Ermənistan ordusu dünəndən etibarən Kəlbəcər və Laçın istiqamətlərində bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı “Hraparak” qəzetinə “Sisakan” könüllü dəstəsinin döyüşçüsü, rəssam Aşot Avaqyan deyib.
O bildirib ki, dünən günorta saatlarında bir nömərli döyüş hazırlığı verilib və Ermənistan ordusunun sərhədboyu cəmləşməsi müşahidə olunur. “Gərginlik var və bunun nə qədər davam edəcəyi məlum deyil”.
O qeyd edib ki, əsas gərginlik Laçın, Kəlbəcər və Naxçıvan istiqamətlərində müşahidə olunur.
“Hayots Vahan” dəstəsinin komandiri, Ümuerməni Milli Dövlət Partiyasının sədri Artur Vardanyan isə bildirib ki, onda olan məlumata görə, Sünik və Qeqarkunik sərhəddində müşahidə aparan Avropa Müşahidə Missiyasının üzvləri ərazidən təcili olaraq təxliyyə ediliblər. “Hal hazırda Sünik, Qeqarkunik və Qarabağda vəziyyət həddindən artıq gərgindir. Hətta Qarabağın bəzi yerləri ilə əlaqə tamamilə kəsilib”.
Vardanyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanla sərhəd boyu təkcə birinci dərəcəli döyüş hazırlığı əmri verməyib, həm də çoxlu sayda hərbi texnika gətirib.
Qeyd edək ki, Ermənistan tərəfi bir neçə gündür Azərbaycanla sərhəddə təxribatlata əl atır. Bunun nəticəsi olaraq bir gizirimiz yaralanıb. Bunun ardından ordusunu sərhəddimizə cəmləməsi isə o deməkdir ki, düşmən sakit durmaq fikrində deyil.
Lakin maraqlı məqam odur ki, erməni tərəfi Qarabağ istiqamətində də hərəkətliliyin olduğunu iddia edir. Hətta Qarabağın bir qism əraziləri ilə əlaqələrinin kəsildiyini iddia edirlər. Azərbaycan tərəfi isə bununla bağlı hər hansı rəsmi açıqlama verməyib. O səbəbdən də nə baş verdiyi barədə dəqiq nəsə demək mümkün deyil.