Ermənistan Müdafiə Nazirliyi az öncə rəsmi məlumatla çıxış edərək, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Azərbaycan Ordusu ilə düşmən qüvvələr arasında atışmanın olduğunu bildirib. JAMAZ.İNFO həmin mənbəyə istinadən xəbər verir ki, atışma nəticəsində Ermənistan Ordusunun iki hərbçisi öldürülüb.
Qeyd edilir ki, erməni hərbçiləri Yerasxa rayonu istiqamətində təxribata əl atıb. Belə ki, Azərbaycan Ordusunun hərbçilərinin sərhəddə mühəndis-istehkam işləri gördüyü zaman erməni hərbçiləri onlardan işləri dayandırmağı tələb edib. Azərbaycan tərəfi onların tələbinə əhəmiyyət verməyərək, işlərinə davam ediblər. Bundan sonra erməni tərəfi mövqelərimizi atəşə tutub. Nəticədə, Ordumuzun hərbçiləri cavab atəşi açmaq məcburiyyətində qalıb. Hadisənin bu gün səhər saat 10:30 radələrində qeydə alındığı deyilir.
Bildirək ki, Azərbaycanın Müdafiə Nazirliyi hələlik bununla bağlı hər hansı açıqlama yaymayıb.