“Rusiya qərəzsiz moderator deyil. Müharibədən sonra da həmin mövqeyindədir. Bu gün məğlubiyyətdən sonra Kremlıin bizə əlavə güzəştlər barədə işarə etməsi Ermənistan rəhbərliyini ciddi düşündürməlidir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın “Cumhuriyyət naminə” Partiyasının sədri Arman Babacanyan deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanın maraqlarını müdafiə edə bilməz. “Biz proseslərin Ermənistanın maraqları bahasına inkişafını əl-qolumuz bağlı vəziyyətdə gözləyə bilmərik. Bununla bağlı ciddi addımlar atmalıyıq”.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dəhliz məsələsinin müzakirə olunmaması ilə bağlı iddiasına toxunan Babacanyan hesab edir ki, o, Azərbaycan qoşunlarının Geqarkunikdə olduğu halda niyə üçtərəfli görüşün keçirildiyinə cavab verməlidir və buna aydınlıq gətirməlidir. “Elə etmək lazımdır ki, “dəhliz” məsələsində İrəvan və Moskvanın saat əqrəbləri eyni istiqamətdə və sürətlə hərəkət etsin”.
Bundan başqa, Babacanyan qeyd edir ki, “dəhliz” məsələsi birinci Qarabağ müharibəsindən sonra Ermənistanın ikinci prezident Robert Köçəryan tərəfindən gündəmə gətirilib. “Hazırda “dəhliz” məsələsi təsadüfən gündəmə gəlmir. Cəmiyyət Köçəryan-Oskanyan cütlüyündən izahat tələb etməlidir”.