AraşdırmaManşet

Çin Qafqazda nə axtarır? – Pekin mediasından ard-arda iki təhlil

Son günlər Çin mediası Azərbaycan-Ermənistan, habelə Qarabağ və Qafqaz məsələlərinə xüsusi yer ayırmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün əvvəl Pekində yayımlanan, beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış aparıcı qəzetlərindən biri olan “Huánqiú Shibao” Qarabağ məsələsi ilə bağlı aparılan danışıqları şərh etmişdi.

Həmin məqalədə deyilir ki, Azərbaycan və Ermənistan arasında danışıqlar, Qərbin bu məsələdə xüsusi fəallığı Ukrayna müharibəsindən sonra daha aktiv fazaya keçib və bu, Qərbin Qafqazda iştiraklarını artırmağa hesablanmış addımlardır.

Çin nəşri iddia edib ki, Qarabağ Ermənistanla Azərbaycan arasında “mübahisəli ərazidir” və Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında uzun müddətdir davam edən münaqişənin səbəbidir. “Hazırda Aİ və ABŞ bu məsələdə vasitəçiliyi gücləndirməklə, regional təsir imkanlarını genişləndirmək imkanından istifadə etməyə çalışırlar. Obyektiv desək, Rusiya Ukrayna müharibəsinə görə, çətinliklər yaşasa da, hələ də postsovet məkanında, o cümlədən Qafqazda regional təhlükəsizlik sahəsində ən nüfuzlu tərəf olaraq qalır. Moskvanın Ermənistandakı Gümrü hərbi bazası da daxil olmaqla, regionda əhəmiyyətli təhlükəsizlik qüvvələri var. Onun sülhməramlı qüvvələri Qarabağ bölgəsində də mövcuddur. Razılaşmaya əsasən onlar 5 il ərazidə qalacaqlar”.

“Huánqiú Shibao” daha sonra yazır ki, Rusiya üçün Qarabağ regionunda sakitlik, dolayısı ilə onun daxili sabitliyi və beynəlxalq vəziyyətlə bağlıdır. “Kreml hesab edir ki, millətlərarası münaqişələr Şimali Qafqaza yayıla və Rusiyanın daxili nizamına təsir göstərə bilər. Nəticədə, Rusiya vasitəçi statusunun itiriə bilər. Həmçinin bu gedişat fonunda Qarabağ məsələsi ölkənin postsovet məkanında statusunu zəiflədəcək. Ona görə də Moskva heç vaxt Zaqafqaziyadan çəkilməyəcək”.

Pekin nəşri hesab edir ki, Vaşinqton və Brüssel Qarabağ məsələsində böyük “entuziazm” nümayiş etdirsələr də, dünya onların münaqişənin həllinə kömək etmək perspektivlərinə o qədər də nikbin baxmır.  “Bundan əlavə, beynəlxalq ictimaiyyət Aİ və ABŞ-ın Ukrayna müharibəsi fonunda onları regiona diplomatik sərmayələrini qəfil artırmağa sövq edən motivlərindən ehtiyatlanır”.

“Huánqiú Shibao” məqaləsində qeyd edir ki, Qarabağdakı vəziyyət hələ də nikbinlik vəd etmir. “Azərbaycan və Ermənistan üçün Rusiyanın  Ukraynaya müvəqqəti “dolama yolu” getməsi Moskvanın regionu tərk etməsi demək deyil. Onlar Qərbin son vasitəçilik səyləri ilə hər hansı bir nəticə əldə edib-etməyəcəyini gözləməlidirlər. Rusiyanın vasitəçilik və təhlükəsizlik imkanları ilə müqayisədə Avropa və ABŞ daha zəif öhdəliklər götürməyə hazırdır. 28 il ərzində avropalıların və amerikalıların üstünlük təşkil etdiyi ATƏT-in Minsk Qrupu da heç bir nəticə əldə etməyib. Qarabağda son atəşkəs, həm də Moskva, İrəvan və Bakı arasında üçtərəfli razılaşmanın hüquqi nəticəsi idi. Avropa və ABŞ-ın Azərbaycan və Ermənistanla bu məsələ ilə bağlı son danışıqlar da “üçlü saziş”ə əsaslanır və əsas diqqət yerli və humanitar məsələlərə yönəlib”.

JAMAZ.İNFO xəbər verir ki, bu gün daha bir Çin nəşri Qafqaz və Qarabağ məsələsindən bəhs edən məqalə ilə çıxış edib. Belə ki, “infoBRICS” yazır ki, NATO Rusiyanın Ukraynadan sonra nə edəcəyindən qorxur. “Qərb Moskvanın resurslarını yeni qarşıdurmalara xərcləyəcəyindən ehtiyat edir. Ona görə də, NATO birqütblü dünya nizamını xilas edə biləcək münaqişələri təhrik edərək, rusların diqqətini yayındırmağı planlaşdırır”.

Pekin saytı iddia edib ki, Avro-Atlantik Alyans Avrasiyada yeni cəbhə xətlərinin yaradılmasını təşviq etməyə cəhd göstərir. “Bunun fonunda Moldova ilə Dnestryanı, Gürcüstanla Abxaziya və Osetiya, Ermənistan və Azərbaycan arasında gərginlik artır. Amma indiyədək bu cəhdlər uğursuz alınıb və Rusiya üçün münaqişədə yeni məqamlar yaranmayıb. Görünən odur ki, Vaşinqton üçün Moskvanı “yıxmaq” və onu müharibə vəziyyətində saxlamaq prioritet məsələdir. Ona görə də Kiyevə yardım azalsa da, çətin ki, dayansın. Və dayansa belə, Kiyev dövlətinin danışıqlara və ya kapitulyasiyaya razılıq vermək üçün kart-blanşı olmayacaq. Yəni, Vaşinqtonun yardımı tükənsə belə, Ukrayna qoşunları hələ də “son ukraynalıya qədər” döyüşmək vədini tutaraq, adekvat təchizat olmadan qeyri-sabit vəziyyətdə döyüşməli olacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button