Azərbaycanın əlində I və II Qarabağ müharibəsinin iştirakçısı olmuş erməni hərbçilərin siyahısı var, bu şəxslərin Laçın postundan keçməsinə icazə verilmir.
Jamaz.info xəbər verir ki, bu barədə Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçilərdən biri “Hraparak” nəşrinə deyib.
Erməni hərbçi adının açıqlanmasını istəmir. Qeyd edir ki, siyahıda adı olan ermənilərlə bağlı istintaq aparılır və bu proses başa çatmayana qədər onlar Qarabağı tərk edə bilməzlər.
“Bu müddətdə siyahıda adı olanlar ya mühakimə olunacaqlar, ya da bəraət alaraq, Qarabağı tərk etmək tələbini yerinə yetirəcəklər. Məndə olan məlumata görə, Azərbaycanın siyahısında 500 erməni hərbçinin adı var. Mənim də adım var o siyahıda. Əldə etdiyim məlumata görə, Vitali Balasanyanın və digərlərinin də adı siyahıya salınıb, o cümlədən, təkcə Qarabağdakı erməni hərbçilərin yox, həm də bir çox erməni general və komandirlərin də adı daxil edilib. Hətta məndə olan məlumatlara görə həbs olunacaq erməni komandirlər üçün Ağdamda həbsxana da tikiləcək”, – erməni hərbçi bildirib.
Separatçıların qondarma “deputatı” Matekse Akopyan da belə bir siyahının olduğuna dair məlumatların olduğunu təsdiq edib.
Qeyd edək ki, Azərbaycan dövləti I Qarabağ müharibəsində mülki vətəndaşlarımıza qarşı soyqırımı törətmiş erməni hərbçilərin cəzalandırılması istiqamətində fəaliyyətini uzun illər aparıb. II Qarabağ müharibəsində bu erməni hərbçilərin böyük hissəsi döyüş meydanında məhv edildi, lakin proses başa çatmayıb. Bununla yanaşı, II Qarabağ müharibəsində iştirak edən erməni hərbçilər və separatçı rejimdə təmsil olunanlar da cəzalandırılacaq. Lakin rəsmi Bakı separatçı rejim təslim olacağı təqdirdə amnistiyanın ola biləcəyini də istisna etmir.(publika)