ManşetMedia

Baş redaktor Prezidentə müraciət etdi: “Ailəmin ölkəyə qayıtmasına kömək edin!”

Cənab Prezident! Sizə bu müraciəti etməyə məcbur oldum. Çünki başqa yol tapa bilmədim. Bütün imkanlardan istifadə edib, ailəmin ölkəyə gəlməsinə çalışdım. Lakin bir nəticə hasil olmadı.

Hörmətli Prezident, həyat yoldaşım və iki uşağım iyun ayının 30-da Naxçıvan üzərindən ölkəmizin ərazisini keçərək, öz valideynlərini görmək üçün Təbrizə gedib. Bir ildən sonra öz valideynlərini görmək üçün baş tutan səfər düz, 40 gündür ki, məşəqqətə çevrilib. Həmin günün səhəri Nazirlər Kabinetinin qərarı ilə quru yollar bağlanıb və sentyabrın 1-nə kimi açıqlmayacağı elan edilib. Hazırda ailəm və uşaqlarım Təbrizədir, heç bir şəkildə Azərbaycana gələ bilmirlər. Bunun üçün Azərbaycanın Təbrizdəki Konsulluğuna, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmişəm. Lakin heç bir köməklik göstərilməyib. Halbuki həyat yoldaşımın Azərbaycanda daimi yaşamaq hüququ var. Övladlarım isə Azərbaycan vətəndaşlarıdır.

Təbrizdən Bakıya birbaşa aviareys olmadığından məcburən Tehrandan Azərbaycana uçuş edilməlidir. Lakin Tehran-Bakı reysinə bilet tapmaq mümkün deyil. Həftədə bir dəfə olan reysə ən yaxşı halda sentyabrın 10-dan sonra bilet tapmaq olar ki, bu da sual altındadır. Çünki gedib-gələnlərin sayı həddindən artıq çoxdur. Biletlərin qiymətləri isə mənim büdcəmə uyğun deyil. İki uşaq və həyat yoldaşımın Azərbaycana gəlməsi üçün ən azı 1000 dollar pula ehtiyac var. Üstəlik, bunun üçün ailəm 600 km yol qət edib Təbrizdən Tehrana getməli, oradan Bakıya gəlməlidir. Bunun nə qədər əziyyətli olduğunu deməyə gərək yoxdur. Halbuki Təbrizdən Astara Gömrük-Keçid Məntəqəsinə cəmi 300 km yoldur.

Cənab Prezident! Mən ölkəni gözləyən mümkün təhlükələrin fərqindəyəm. Başa düşürəm ki, ölkənin təhlükəsizliyi hər şeydən mühümdür. Lakin heç olmasa ailələrin geri dönməsinə şərait yaradın. Onlara xüsusi icazələrin verilməsinin təmin olunmasını təşkil edin. Çünki onlarla ailə və uşaq xaricdə çox çətin durumda qalıb. Nə edəcəklərini bilmirlər. Ələlxüsus, mənim ailəm.

Ona görə də, Sizdən xahiş edirəm həyat yoldaşım və iki körpə uşağımın Azərbaycana quru sərhədlərimiz vasitəsi ilə daxil olmasına göstəriş verin. Bu Sizin üçün elə də çətin məsələ deyil. Ümid edirəm ki, müraciətimə müsbət cavab verib, bu işdə köməklik göstərəcəksiniz.

Hörmətlə, JAMAZ.İNFO saytının baş redaktoru Fikrət Fəraməzoğlu

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button