Dünən Brüsseldə keçirilən görüşdən sonra Azərbaycan və Ermənistan tərəfi bir sıra razılıqlar əldə ediblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə açıqlama verən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
O qeyd edib ki, həmin razılaşmalardan biri də Azərbaycan və Ermənistan arasında ərazilərin tanınması ilə bağlıdır. Belə ki, rəsmi Bakı Ermənistanın 29.8 min kv km suveren ərazisini qəbul etdiyini bəyan edib. Analoji olaraq Ermənistan da Azərbaycanın suveren ərazisinin 86.6 min kv km olduğunu qəbul etdiyini açıqlayıb.
Bildirək ki, Ermənistanın məlum miqyasda Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağın da Azərbaycana məxsus olmasını təsdiqləyir. Yəni, bu o deməkdir ki, İrəvan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib. Bu açıqlamadan sonra isə Xankəndidəki erməni separatçıları haray-həşir salmağa başlayıblar. Hətta bəziləri bir qədər də irəli gedərək, müharibə edəcəklərini dilə gətiriblər.
Qarabağ separatçılarının nümayəndəsi, Arayikin “müşaviri” olan David Babayan iddia edib ki, guya, Alma-Ata bəyannaməsində çoxlu ziddiyyətlər var. O hətta bir qədər də yekə danışaraq, Avropa Şurasının prezidenti Şarl Mişelin dünənki bəyanatının heç bir hüquqi və humanitar əsasının olmadığını söyləyib. “Bu bəyanat, təbii ki, bizim üçün qəbuledilməzdir”.
Babayan bu sözlərindən sonra öz təbiriycə hədə tonuna keçib. O deyib ki, hazırda iki yolları qalıb. “Bizim iki yolumuz var. Ya müharibə edəcəyik. Ya da Azərbaycanın tərkibində yaşamamaq üçün Qarabağı tərk edəcəyik”.
Separatçıların nümayəndəsi hazırda həlledici mərhələdə olduqlarını da dilə gətirib. “Başqa yolumuz qalmayıb. Ya torpaqlarımızda yaşayıb, qalib gəlmək üçün mübarizə aparacağıq. Ya da köçəcəyik. Siz yaxşı bilirsiniz ki, Azərbaycanın nəzarəti altında yaşamaq mümkün deyil. Millət özünü müəyyən etməlidir, nə istədiyini başa düşməlidir: yaşamaq, yoxsa yox olmaq”.
P.S. Babayana məsləhət görərdik ki, Qarabağı tərk etsinlər. Çünki onlar heç vaxt vuruşmağı bacarmayıblar. Həmişə kiminsə arxasında gizlənib, çaqqallıq etməklə məşğul olublar. Azərbaycan isə çaqqalların vətəni deyil. Və burada çaqqallar yaşaya bilməz. Ona görə də, qapı açıqdır, buyursunlar ölkəmizi tərk etsinlər.