“Aztelekom”un filialında 900 minlik qalmaqal: “Mis Nazim” və adamları çətin vəziyyətdə
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialında maliyyə təftişi aparılıb. Aparılan təftişin nəticəsi olaraq RİNN “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialında 900 min manatlıq maliyyə kəsiri aşkarlayıb. Bu xəbər JAMAZ.İNFO-nun elektron poçtuna göndərilmiş məktubdandır.
Arif Qasimovun adından göndərilmiş məktubda deyilir ki, cəmiyyətdə “Mis Nazim” kimi tanınan Nazim Əliyevin rəhbərlik etdiyi “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialında maliyyə vəsaitindən düzgün istifadə edilməyib, külli miqdarda yeyinti və mənimsənilməyə yol verilib. “RİNN-nin həyata keçirdiyi maliyyə təftişinin ardınca Hesablama Palatasının bu qurumda daha genişmqiyaslı maliyyə təftişi aparacağı gözlənilir”.
O bildirib ki, Nazim Əliyev bölgədə “mis alverçisi” kimi ad çıxarıb. “Nazim Əliyev mis kabellərin optik kabellərlə əvəzlənməsi prosesindən milyonlarla manat məbləğində qanunsuz vəsait əldə edib, bir çox hallarda RİNN-ə şişirdilmiş məlumatlar, saxta rəqəmlər təqdim edib”.
Məlumatı verən şəxs daha sonra bildirib ki, bu yoxlama təkcə Nazim Əliyev üçün deyil, onun rəhbəri olduğu qurumdakı iki yaxın adamı – texniki işlər müdiri Rasim Dərgahquluyev və baş mühəndis Elnur Abduləzizov üçün də yaxşı qurtarmayacaq. “Çox güman ki, hər üç şəxs yaxın günlərdə dövlət büdcəsi əvəzinə ailə büdcəsinə axıtdıqları milyonların hesabını qanun qarşısında verməli olacaqlar”.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.