Qarabağ müharibəsi zamanı rusların çox güvəndikləri “İsgəndər” raketlərinin Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulması dünya silah bazarında Rusiyanın mövqelərinə ciddi zərər vurub. JAMAZ.İNFO Avia.pro nəşrinə istinadən xəbər verir ki, artıq məsələ təkcə Qərb mediasında deyil, eyni zamanda Çin mətbuatında da geniş müzakirə olunmağa başlayıb.
Məlumatda deyilir ki, Rusiyanın ən çox güvəndiyi və dünya silah bazarında nüfuzunun qalxmasında ciddi rolu olan “İsgəndər-M” roketlərinin Azərbaycanın İsraildən aldığı “Barak-8” zenit-raket kompleksləri tərəfindən vurulması əsas silah alıcılarının Moskvadan üz döndərməsinə gətirib çıxarıb. Belə ki, Rusiyadan silah almaq istəyən bir çox dövlətlər müqavilərini ya dayandırmaq, ya da yenidən baxmaq barədə Kremlə müraciət ediblər. Belə bir vəziyyətin yaranmasının səbəbi kimi isə istər Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi məlum açıqlama, istərsə də Azərbaycan Prezidenti İlham Əliyevin “İsgəndər-M” raketləri ilə bağlı Rusiyadan izahat istəməsi göstərilir.
“Avia.Pro” yazır ki, İlham Əliyevin israrla “İsgəndər-M” raketləri ilə bağlı açıqlama istəməsi, üstəlik, vurulmuş sözügedən raketləri nümayiş etdirməsi silah bazarında Rusiya silahlarına ciddi güvənsizlik yaradıb. “Artıq əksər alıcılar dolayısı ilə bildiriblər ki, onlar Rusiya silahlarına ciddi şəkildə etibar etmirlər. Xüsusən də Azərbaycanın “Barak-8” raket kompleksi vasitəsi ilə iki “İsgəndər-M” raketini zərəsizləşdirməsi, onları yenidən düşünməyə məcbur edib”.
Çində nəşr olunan qəzetlərdən biri isə bu barədə yazır ki, artıq Pekin rus silahlarına etibar etmir. “Qarabağ müharibəsində Rusiya istehsalı olan və çox güvəndiyi raketlərin Azərbaycan HHQ tərəfindən vurulması Çini düşündürməyə başlayıb. Pekin sual edir ki, “Rusiya silahları bu dərəcədə aşağı səviyyədə etibarlıdır?” Çin bu barədə ciddi düşünməlidir”.
Avia.Pro isə yazır ki, Azərbaycan tərəfinin rus silahlarını hörmətdən salan davranışları olduqca uğurlu alınıb. “İstər müharibə zamanı, istərsə də ondan sonrakı dövrdə Azərbaycanın “təqdimat”ları rus silahlarının nə dərəcədə güvənsiz olduğ barədə rəy yaratdı. Bu gün Rusiya hər nə qədər inkar etsə belə, Azərbaycanın təkcə arqumentləri deyil, elə döyüşlər zamanı çəkdikləri kadrlar vasitəsi ilə hər şeyi ortaya qoyub. Nəticədə, dünya silah bazarında Rusiyaya olan etibar aşağı düşüb. Bundan sonra Kremlin vəziyyətdən necə çıxacağı məsələsi çox maraqlıdır”.
Xatırladaq ki, 44 günlük Qarabağ savaşında rusların istehsalı olan iki ədəd “İsgəndər-M” raketləri Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib. Eyni zamanda, Ermənistana hansısa yolla verilmiş bu reaketlərin partlamadığı da üzə çıxıb. Şuşa şəhərində Azərbaycan Ordusuna qarşı istifadə olunan həmin raketlərin qalıqlarının tapılması isə faktı təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan tərəfi Rusiyadan bu məsələ ilə bağlı izahat istəyib. Rusiya Müdafiə Nazirliyi isə onlar tərəfindən hər hansı bir ballistik raketdən istifadə edilmədiyi açıqlamasını verib. Lakin rəsmi Bakı bu açıqlamanın yetərli olmadığını qeyd edərək, satışı qadağan olunmuş “İsgəndər-M” raketlərinin Ermənistanın əlinə necə keçdiyi barədə izahat verməsində israr etməkdədir. Rusların isə buna heç bir cavabı yoxdur.