Son günlər üzərində Azərbaycan Bayrağının şəkili olan və “Azərbaycan” sözü yazılmış məhsullar Ermənistan bazarında peyda olub. JAMAZ.İNFO xəbər verir ki, belə məhsullardan biri də dünyanın məhşur pivə şirkəti olan “Heineken”ə məxsusdur.
Bildirək ki, dünəndən etibarən Ermənistanda üzərində Azərbaycan Bayrağı və “Azərbaycan” sözü yazılmış “Heineken” pivə şüşələri ilə bağlı skandal yaşanır. Belə ki, əksər dükanlarda belə məhsulların olması ciddi narazılığa səbəb olmaqla yanaşı, erməni müxalifətinin də əlinə fürsət verib. Hətta bundan Paşinyana qarşı istifadə edənlər belə olub. Müxalifət düşərgəsi belə məhsulların Ermənistan bazarlarına yol açmasını hakimiyyətin məqsədli siyasəti kimi qələmə verməyə çalışıb.
Lakin Ermənistan inspeksiya orqanı bununla bağlı açıqlama yayaraq, məsələnin hakimiyyətlə heç bir əlaqəsinin olmadığını bəyan edib. “Qeyd edək ki, “Heineken” şirkəti futbol üzrə Avropa Çempionatının rəsmi partnyorudur. Bu səbəbdən də həmin şirkətin istehsalı olan məhsulların üzərində Avro-2020 yarışının keçirildiyi bütün ölkələrin adı və bayraqlarının şəkilləri əks olunub”.
Sözügedən qurum bəyan edib ki, üzərində Azərbaycan Bayrağı əks olunmuş və “Azərbaycan” sözü yazılmış məhsullar Ermənistana Rusiyadan gətirilib. “Məhsul ölkəyə gömrük orqanlarından qanuna uyğun şəkildə keçirilib. Burada siyasi nəsə axtarmaq yersizdir”.