“Hesab edirəm ki, Qarabağda baş verənlər, həm Rusiya, həm Azərbaycan və Türkiyə, həm də Qərblə razılaşdırılıb. Böyük oyunçuların Azərbaycan və Türkiyə ilə əldə etdiyi razılaşmalar haqqında çox şey məlum deyil. Amma nəticələrini görə bilərik”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni hərbi ekspert və tarixçi Armen Ayvazyan deyib.
O bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin başverənlərə birbaşa qiymət vermədiyi son bəyanat Moskvanın Azərbaycana yaşıl işıq yandırdığını bir daha sübut edir. “Kollektiv Qərb də bunu edib və etməkdədir. Bir tərəfdən Bakının addımlarını pisləyirlər, digər tərəfdən ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri deyir ki, Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsi müzakirə olunmur. Onlar Azərbaycanı əmin ediblər ki, ciddi təzyiq göstərməyəcəklər. Bu məsələdə Rusiya ilə Qərbin mövqeləri yüz faiz üst-üstə düşür”.
Ayvazyan daha sonra deyib ki, hazırda onların elə də çox seçimi yoxdur. “Bizim erməni dövlətçiliyini xilas etmək üçün bir variantımız var: öz qüvvələrimizi toplamaq, yeni özünümüdafiə sistemi yaratmaq, yeni qüvvələrə arxalanmaq. Xüsusən də İran kimi, müttəfiqlərimizə arxalanmalıyıq”.
Erməni tarixçi iddia edib ki, Ermənistan hökuməti reallığı gizlədir. “Boş sülh tezisləri ilə insanların fikrini yayındırır. Ermənistanın indiki rəhbərliyi Qarabağın Ermənistandan ayrı bir qurum olduğuna və Qarabağsız Ermənistanı xilas etməyin mümkünlüyünə inandırmağa çalışır. Belə bir şey ola bilməz. Qarabağ Ermənistanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Sizi inandırıram ki, Qarabağ əhalisi azalarsa, növbəti dəfə Sünik, Qeqarkunik boşalacaq, növbə İrəvana çatacaq. O zaman ermənilər Türkiyəyə üz tutmaq və ya vətənlərini tərk etmək arasında seçim etməli olacaqlar. Başqa variant yoxdur”.
Ayvazyan başqa bir “çıxış yolu” da tapıb. O təklif edir ki, qısa müddətdə Ermənistanda səfərbərlik elan edilməli və Kəlbəcər və Laçın işğal olunmalıdır. “Kəlbəcər və Laçın yenidən azad olunmalıdır. Bununla da Qarabağla Ermənistan arasında quru sərhəd bərpa edilməlidir. Bizə səfərbərlik, xalqı ayağa qaldırmaq, milis yaratmaq və Ermənistan ordusunu bərpa etmək iqtidarında olan yeni insanlar lazımdır. Bizə genişmiqyaslı müharibə aparmağa hazır olan komandirlər də lazımdır”.
P.S. Ayvazyan elə düşünr ki, Laçın və ya Kəlbəcəri yenidən işğal edə biləcəklər. Bir zamanlar Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməyi bacarmışdılar. Həmin vaxt Azərbaycan zəif və köməksiz idi. İndi isə bunu ağıllarından belə keçirməsinlər. Çünki nəticəsi onlar üçün fəlakətli şəkil alacaq. Necə ki, sərhəddə bir neçə dəfə təxribata əl atdıqları üçün ağır formada cəzalarını alıblar.