Bu gün, mayın 25-i rus ordusunun Azərbaycandan çıxarılmasından tam 30 il keçir. Bildirək ki, həmin dövrdə Azərbaycana rəhbərlik edən prezident Əbülfəz Elçibəyin israrlı tələblərindən sonra sovetdən qalan ordu bütün hərbi texnika və silahları təhvil verərək, ölkəmizi tərk edib.
JAMAZ.İNFO xəbər verir ki, sabiq prezidentin kürəkəni, keçmiş millət vəkili Aqil Səmədbəyli həmin olayları əks etdirən maraqlı bir xatirə paylaşıb. O, özünün Facebook hesabında yazır ki, həmin vaxt ABŞ-ın Azərbaycandakı səfiri prezidentlə təcili görüş istəyib.
Aqil Səmədbəyli yazır: “ABŞ-ın Bakıdakı səfiri Novella xanıma (Cəfəroğlu-red.) Azərbaycan Prezidentin ilə gizli bir görüş keçirmək fikrində olduğunu bildirib və həmin görüşü təşkil etməsini xahiş edir. Səfir Novella xanıma deyir ki, çox önəmli bir məlumatı dövlət başçısına çatdıracaq.
Novella xanım da görüşü təşkil edir. Həmin görüşdə Əbülfəz Elçibəylə səfir arasında təxminən aşağıdakı səpkidə dialoq baş verir:
Səfir:
– Cənab Prezident, siz rus ordusunu Azərbaycandan çıxarmaqda israr edirsiniz. Əgər bunu etsəniz ruslar sizin hökuməti yıxacaq.
Elçibəy:
– Mən bunu bilirəm.
Bu sözü eşidən səfir şoka düşür. Çünki çox vacib hesab etdiyi xəbəri Elçibəy də bilirmiş. Bir az sonra özünə gələrək davam edir:
– Bəs, o zaman niyə edirsiz?
Cavab:
-Rus ordusu Azərbaycanda olduğu müddətdə həqiqi müstəqillikdən söhbət belə gedə bilməz. Əgər rus ordusunu mən çıxarmasam, heç kim çıxarmağa cəsarət etməz!”.