GündəmManşet

7or.am saytı: “Paşinyan Əliyevə təkcə Qarabağı deyil, çox şeyləri vəd edib”

Ermənistanda yayımlanan “7or.am” saytı Azərbaycan-Ermənistan münasibətləri, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı yanaşması, habelə Azərbaycana bir çox vədlər verməsi barədə yazı dərc edib. JAMAZ.İNFO xəbər verir ki, yazının müəllifi Artur Xayt iddia edir ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təkcə, Qarabağı deyil, başqa şeyləri də vəd edib.

O, Avropa İttifaqının rəhbəri Borrelin “Paşinyan yeganə Ermənistan rəhbəridir ki, Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır” fikrini şərh edərək, bununla Ermənistanın baş nazirinin cəmiyyətə yalan danışdığını vurğulayıb.

Xayt daha sonra Pakistanın baş naziri ilə görüşdə Əliyevin işlətdiyi bəzi fikirlərə toxunub. Prezident xüsusi olaraq qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivləri var. “Bunun üçün Ermənistan siyasi iradə nümayiş etdirməlidir. Ermənistanın rəsmən açıqlaması kağız üzərində təsdiqlənməlidir, yəni Qarabağ Azərbaycandır”.

Erməni müəllif yazır ki, Paşinyan və Ermənistan ayrı-ayrı şeylərdir. O, bu məntiqlə iddia edir ki, Qarabağın Azərbaycana məxsus olmasını Ermənistan deyil, Nikol Paşinyan təsdiqləyir. “Ermənistan hələlik belə bir açıqlama verməyib. Nikol Paşinyan da buna oxşar fikirlər səsləndirib. Aydındır ki, rəsmi söhbətdə belə qeyd olunur ki, dövlət başçısı vəzifəsini tutan şəxs nəsə elan edirsə, deyirlər ki, filan ölkə filan şeyi elan edib. Amma hər bir halda Paşinyan Qarabağdan imtina etdiyini açıqlayıb”.

Xayt Paşinyanın Əliyevə nələri vəd etdiyi məsələsi barədə də fikirlərini bölüşüb. “Aydındır ki, problem təkcə imtina aktını kağız üzərində qoymaqda deyil. Demək olar ki, bu, Nikol Paşinyan üçün problem deyil. Biz Qarabağdan imtina edilməsi ilə bağlı bəyanatı yazılı şəkildə qeyd etmək niyyətindəyik. Güman edilir ki, Nikol Paşinyan Əliyevə daha çox şeylər vəd edib və onunla razılaşıb. Xüsusilə Ermənistanın 10-a yaxın kəndi hesabına nəhəng ərazi güzəştləri, Azərbaycanın Ermənistan daxilində strateji yollara nəzarəti, azərbaycanlıların Ermənistan ərazisinə kütləvi şəkildə köçürülməsi. Amma bu da son deyil. Mümkündür ki, bunlardan başqa da razılaşmalar var”.

Erməni yazar onu da vuğurlayır ki, Paşinyan seçki vaxtı Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmək hüququ üçün mübarizə aparacağını bəyan edib. “O, sülh də vəd etmişdi. Lakin bu perspektivsizdir. Çünki sülh yoxdur və ola da bilməz. Bu həmin Paşinyandır ki, Xankəndinin mərkəzi meydanında “Qarabağ Ermənistandır, nöqtə” deyib. Lakin bir il sonra bəyan etdi ki, “Qarabağ Azərbaycandır”. Bu sondurmu? Yox. Bundan sonra Syunik, Vayots Dzor və s var. Sadəcə, hələ bu barədə sizə demirlər ki, birdən özünüzdən gedəsiniz”.

Xayt sonda onu da yazıb ki, hal hazırda Ermənistan Qarabağdan imtina etməyib. Onun “məntiqinə” görə, imtina edən Paşinyan və ətrafıdır. “Onlar Ermənistan deyil. Qarabağın Azərbaycana məxsus olmasını Ermənistan təsdiqləməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button