İqtisadiyyat
Neft bahalaşır, Azərbaycan hasilatı artırır-Bizə nə qazandıracaq?
“Goldman Sachs neftin 1 barelinin qiymətinin dekabr ayında 90 dollara çatacağını proqnozlaşdırıb. Bankın qənaətinə görə, əgər bu qış soyuq keçərsə, o zaman neftə olan gündəlik tələbat əlavə 900 min barel arta bilər”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. “Bu gün birjalar Brent markalı neftin bir barelini 83 dollardan baha təklif etməklə başlayıblar. OPEC+ alyansının aylıq hasilat artımını 400 min bareldən çox artırmamaqla bağlı qərarından sonra neftin qiymətində artımlar daha da sürətlənib”.
Vüqar Bayramov əlavə edib ki, son 3 ildə ilk dəfə olaraq Azərbaycan neftinin bareli dünya bazarında 85 dollardan baha satılır: “Aydındır ki, neftin bazar qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır. Belə ki, bu ilin geridə qalan aylarında neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Azərbaycan gündəlik xam neft hasilatının bu aydan daha 7 min barel artıraraq 640 min barelə çatdıracaq və ixtisarla bağlı öhdəlik isə 78 min barel həcmində olacaq.
Maliyyə Nazirliyinin ilkin açıqlamalarında gələn ilin dövlət büdcəsində neftin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur. Bu ilin ilk 8 ayında OPEC səbətində neftin 1 barelinin orta qiyməti 65.74 dollar, avqust ayında 70.33 dollar olub. İlin sonuna doğru qiymət artımları davam edəcəyi halda 2021-ci il üçün orta illik qiymət daha yüksək ola bilər”.