İqtisadiyyat
İqtisadçı ekspert: “Elman Rüstəmov bu dəfə haqlıdır, amma o da bilir ki…”
“Yaxın aylarda məzənnə dəyişikliyi olmayacaq. Nə qədər ki, neftin qiyməti bahadır, bu risk yoxdur”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın sədri Elman Rüstəmovun “Manatın devalvasiyası ilə bağlı heç bir qərar verilməyəcək”fikirinə aydınlıq gətirərkən deyib.
Ekspert bildirib ki, uzun zaman sabit və inzibati məzənnə rejiminin saxlamaq mümkün deyil:
“Elman Rüstəmov bu dəfə haqlıdır. Amma Elman müəllim də bilir ki, uzun zaman sabit və inzibati məzənnə rejimini saxlamaq mümkün deyil. Günün birində mütləq məzənnəni dəyişəcəklər. Yəni, manat heç vaxt dollar qarşısında bahalaşmayacaq, amma bir gün mütləq ucuzlaşacaq…”
Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanın valyuta bazarının sabit olduğunu deyib. Sədr “manatın dayanıqlılığı artıb və AMB tərəfindən manatın devalvasiyası ilə bağlı heç bir qərar verilməyəcək və hətta manata mövcud olan təzyiqlər tədricən səngiyir”,-deyə bildirib.