Gündəm
Həmin dalğa, həmin koordinat
O vaxt balaca uşaq olsam da, tarixi pis oxumamışam. Hətta o hadisələr barədə böyük bir yazım da var dövri mətbuatda. Xatırlamaqda çətinlik çəkməyənlər bilir ki, hələ 1990-cı ildə Bakıya qoşun yeridən Sovet rəhbərləri də ictimaiyyətə düy buraxmışdılar ki, guya Azərbaycanda Yaxın Şərqdən sızan radikal islam fundamentalistləri ölkənin mühüm strukturlarını ələ keçiriblər. Azərbaycanın öz müstəqilliyini bərpa etməsi uğrunda eks-prezident Əbülfəz Elçibəyin rəhbərliyi altında mübarizə başlatmış Azərbaycan Xalq Cəbhəsi hərəkatı guya həmin radikal islamçılardır və islam fundamentalizminin bütün Sovet ölkəsinə yayılmasının qarşısını almaq üçün Cənub sərhədlərinə müdaxilə edilməlidir. Çox gülməli bəhanə idi bu o dövrün reallıqlarına görə.
Bu gün Moskvanın təşəbbüsü ilə ərsəyə gətirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ordu birliklərinin Qazaxıstana daxil olmasından ötrü uydurulan bəhanələr də eynidir. Zərrə fərq yoxdur. Eyni dalğa, eyni koordinat! Təbii, bütün bu geosiyasi hoqqabazlıqlar Sovet hökumətinin başını yediyi kimi, çox çəkməz Moskvada hakimiyyəti qanunsuz zəbt etmiş Putin administrasiyasının da başının yeyilməsinin başlanğıcı olacaq. Çəmbər daraldıqca qlobal quldurluqla məşğul olan Vladimir Putin dərin isterika keçirir, çox tələsir və sağa-sola cırmaq atır. Unutmayaq ki, bu il həm də Sovet dövlətinin qurulmasının (22 dekabr 1922-ci il) yüz illiyidir. Deyəsən Kreml elə bu tarix üçün dünyaya yeni arzulanmaz sürprizlər hazırlamaqdadır. Baş verənlər həm də bunun işartılarıdır. Ancaq atdıqları addımlara səbəb kimi yenə radikal islam fundamentalizmini göstərmələri acı gülüş doğurur.
Mərkəzi Asiyada Tacikistan və Özbəkistandan fərqli olaraq, Qazaxıstan yeganə ölkədir ki, məhz orada radikal islam fundamentalistlərinin bir güc olaraq meydana çıxması ehtimalı sıfırın altındadı. Buna heç kimi inandıra bilməzsiniz. Ola bilsin, xırda qruplar şəklində mövcudluqları Qazaxıstan xüsusi xidmət orqanlarının diqqətindən yayınıb. Ancaq son üç sutkada baş verənlər miqyasında törədilən əməliyyatlar səviyyəsində var olmaları çox şübhəlidir. Çünki xəbərlər dolaşır ki, son aksiyalarda hüquq-mühafizə orqanlarına, orduya atəş açan, onlarla açıq əlbəyaxa savaşa girənlər arasında xüsusi məkrli məqsədlərlə azadlığa buraxılan yüzlərlə, hətta minlərlə məhbus da olub. Bu versiyanın da ciddi araşdırımasına zərurət var. Bir sözlə, pis idarəçilik və sosial ədalətsizliklərə, bahaçılığa qarşı etiraz aksiyalarına çıxan xalqına “Quldur dəstələri” dəyəcək qədər reallıq hissini itirən 70 yaşlı “prezident” Comart Tokayevin hakimiyyətinin, məncə, sonuna bir şey qalmayıb. Xalqının qanının tökülməsi və ölkəsinin suverenliyinə tahdidlər yaradacaq idarəçilik onu bu ali vəzifədə çox saxlamayacaq və saxlamamalıdır. Xalqın haqlı konstitusion hüququ kimi etiraz etmək üçün dinc məcrada meydanlara axışmasından istifadə edib ölkədə dağıntılara, yanğınlara, yağmalamalara, qanundan kənar bütün növ hərəkətlərə səbəb olan digər ölkədaxili siyasi qüvvələr (Təəssuf ki, Qazaxstanda həmin siyasi klanların yönləndirmələri ilə hərəkət edən bir qrup destruktiv insanlar da tapıldı) isə, tarixdə ən murdar adla xatırlanacaqlar.
Azərbaycan Yüksəliş Partiyasının başqan müavini
Mirzə Rəşad Bakuvi