Zəlzələ Türkiyədə siyasi qüvvələr nisbətini necə dəyişəcək? – Ərdoğanın qəbul edəcəyi qərarlar…
Türkiyədə baş verən zəlzələ nəticəsində milyonlarla insanın evsiz- eşiksiz qalması, minlərlə insan tələfatı adi, sakit dövrlərdə nəzərə çarpmayan idarəçilik qüsurlarını üzə çıxarır. Seçki ərəfəsində opponentləri fəlakətdən sui-istifadə edərək Ərdoğan hakimiyyətini diskreditasiya etməkdə israr edir, siyasi rəqabət barışmaz xarakter alır..
Zəlzələnin, artan tənqidlərin qarşıdan gələn seçkilərdə təsir olacaqmı?
Adətən, Türkiyə seçkilərinin taleyi iki böyük elektoral kütlə həll edib – balkanlılar və anadolular. Bəzi Avropa qaynaqlı hesabatlarda hənəfi və türkdilli olmalarına rəğmən balkanlılar ayrı icma kimi də götürülür. Tam fərqli iki icmadan bəhs etmək, əlbəttə ki, qərəzlidir. Amma iki fərqli subkulturası, sosial davranışları, hətta qastronomik seçimləri və qəribə deyil ki, elektoral rəğbətləri olan icmadan bəhs etmək yanlış olmazdı. Adətən, türk nəşrlərində, sosial şəbəkələrində başsağlığı elanlarını, həmyerli icmalarının toplantıları haqda xəbərləri, tanınmış siyasət, mədəniyyət xadimlərinin öz kökü- köməci haqda açıqlamalarını izləməyə çalışıram. “Balkanlı Hasanın dünürü”, “üsküplü Alinin torunu”, “salonikli Mehmetin damadı”… kəlmələri, qarmon ifaçıları (qaradənizlilərdə skripka, Şərqi Anadolunun azəri, kürd və türkmənlərində saz) dərhal gözə dəyir. XVIII əsrdən başlayan zor-xoş deportasiyalarla, əvvəl indi Makedoniya, Yunanıstan və Bolqarıstanda qalma torpaqları da daxil olmaqla Rumelidə, sonralar ərazilər itirildikcə Aralıq, Ege, Mərmərənin Türkiyə sahilləri boyunca məskunlaşan, əslində fərqli etnik mənşədən olan balkanlı müsəlmanların özündərki yerli oğuzmənşəlilərdən daha çox “türk” idi. Çünki Avropada əhatələrində yaşadıqları xalqlar osmanlı və müsəlman olan hər kəsi “türk” olaraq qəbul edirdi. Bu, indiki Türkiyənin konstitusion təsbitindəki “türk” anlayışı kimi etnik məzmundan daha çox siyasi idi (politonim), endoetnonim yox, ekzoetnonim idi.
Azsaylı deyillər, qərbləşməyə daha açıqdırlar. Osmanlı dövrü onlara “zavallı mühacirlər” kimi yanaşılırdısa, Cümhuriyyət dövründə bürokratiyanın, yeni mədəni və siyasi elitanın əsasını təşkil etməyə başladılar. Dövr onların dövrü idi. CHP-nin əsas sütunu onlar idi. Mərkəzi və Cənubi Anadolunun, bir qayda olaraq, CHP-ni seçən ələviləri (ələvilər arasında MHP və HDP kimi partiyaları seçənlər də var) ilə birlikdə müəyyən dayanıqlı sosial baza da formalaşdırmışdılar.
Daha çox Mərkəzi Anadolunun türkdilli əhalisinin səsinə iddialı olan MHP-nin tarixi sələfinin Türkiyə Köylü (Kəndli) və Cümhuriyyətçi Köylü Parti adları daşıması da elektoral bazaya uyğun idi. Menderesçi siyasi xətdən gələn AKP-nin sosial bazası isə bütövlükdə Anadolunun mühafizəkar, etnik indentifikasiyadan daha çox Osmanlı tarixi yaddaşına sahib seçiciləri idilər.
“Anadolu cocukları” (türkdilli hənəfilər) dövlətin qurucusu olsalar da, Cümhuriyyət tarixi boyu sərvət və rəyasət bölgüsündən müəyyən qədər kənarda qalmışdılar. Türkiyədə seçkiyə bənzər istənilən prosesdə elektoral çoxluq (Anadolu cocukları) balkanlıları məğlub edib, amma ta 2000-ci illərin ortalarına qədər sərvətin 80-%-i TUSİAD-ın (əsasən balkanlıların) nəzarətində idi, elə rəyasətin də. Bəzən aralarından Uzan ailəsi kimi düdəmələri (guya türkləşmiş serbləri) önə verməklə özlərinə qarşı anadoluların nifrətini də qazanırdılar.
Milli görüş hərəkatı (menderesçilik) öz kadr və elektoral bazasını uzun illər Daxili Anadolu və Qara dəniz bölgəsi hesabına təmin edib. Daxili Anadolu və Qara dəniz bölgələrində qafqazlı və krımlı mühacirlər də çox olduğundan, Milli Görüş hərəkatında Abdullətif Şənər (çeçen), Əhməd Davudoğlu (krımlı) da var idi. Milli Görüş, beləliklə, neosmançılıq, klassik türkçülük və çağdaş liberal islamçılığın sintezindən ibarət qəribə bir siyasi hərəkata çevrilmişdi.
Belə tənlik (siz demişkən, dəngə) seçkini, elektoratı idarə olunan, proqnozlaşdıran edirdi. Milli Görüşün ən parlaq lideri 15 seçkini qələbə ilə başa vurub. Amma onun uzun müddətli hakimiyyəti Türkiyədəki ənənəvi elektoral nisbətləri, tənlikləri dəyişib. Səbəb odur ki, türkdilli hənəfilər (əyalət uşaqları) indiyə qədər Türkiyədə özünü elitar sayan, Fazil Sayın təsbiti ilə desək, “20 % dən” ibarət müsəlman balkanlı- sırpdamar-ligtturc-ələvi-nüseyri-əqəliyyət yığınından daha müasir, daha çox yeniliyə meyillidir. O əyalət uşaqlarının gəlirləri, təhsil səviyyəsi 80-ci illərdən sonra tədricən, 2000-ci illərdən sonra sürətlə dəyişib, varoşluqdan, qəribanlıqdan orta sinfə transfer olublar. Bir çoxuna “Anadolu cocuğu” deyil, indi “Anadolu qaplanı” deyilməsi daha düzgündür. Sərvət bölgüsündə TUSİAD-ı bir qədər sıxışdıra da biliblər. Qəribanlıqdan silkinib çıxmışları daha ahievren, menzilçi, süleymançı, qadiri, nəqsbəndi… mürşidləri bir fətva ilə idarə edə bilmirlər. Onlar dindardır, türkiyəçidir, neosmançıdır, amma orta sinifdir. O səviyyəyə çatıblar ki, CHP-nin balkanlı-ələvi ittifaqını belə dağıdıb ələ keçirməyə qabildirlər. CHP-nin parlament seçkilərində parlamış siması Muharrem İnce yarı qaradənizli idisə, bələdiyyə seçkilərinin favoriti Əkrəm İmamoğlu xalis qaradənizlidir. CHP-lidir , amma həm də Yeni Zelandiyada məscid terroru qurbanlarına “Yasin” oxutdurur, məscidə cümə namazlarına gedir.
Demək, orta sinfin tələb və istəkləri, dünyagörüşü Türkiyədə tədricən sağ-sol, mühafizəkar-laik fərqini silib. CHP bütün mövcudluq tarixində olmadığı qədər sağa-osmanlıçılığa əyilir (Yeri gəlmişkən, elektoratı genişləndirmək naminə CHP-nin ideoloji axtarışları əvvəllər də olub. Hələ 1970-lərdə o zamankı prezident Hasan Fahri Korutürk CHP liderlərini seçkini udmaq naminə etnik azlıq elektoratı ilə oynamağın təhlükələri barədə xəbərdar etmişdi). Vesternizə olmuşlar nə qədər dirəniş göstərib cəmiyyətin fövqündə qalmaq istəsələr də (bizim “russkoyazıçnılar” kimi), öz partiyalarında belə səsləri daha az eşidləndir. Keçmiş mühacirlərin və anadoluların qaynayıb-qarışması, təhsil və sosial rifah vəziyyətinin eyniləşməsi onları ayrı-ayrı elektoral baza olmaqdan çıxarır, bir-birinə yaxınlaşdırır.
Bu təsbitlər, əslində zəlzələdən əvvələ aid idi. Zəlzələ bu təsbitləri belə dəyişə bilər. Seçkiqabağı proqnozlarda tez-tez istifadə olunan bir termin var – siyasi tektonika. Bu seçkilərdə “tektonika” termini, sadəcə məcazi məna daşımır. Baş verən təbii tektonik proseslər Türkiyə seçkilərinə, onun nəticələrinə, Türkiyənin, bəlkə bütün Orta və Yaxın Şərq coğrafiyasının qədərinə ciddi təsir edə bilər.
Artıq müxalif CHP lideri Kemal Kılıçdaroğlunun sosial şəbəkələr üzərindən çıxış edib OHAL-an (fövqəlada vəziyyət elanı), həbs təhlükəsinə rəğmən fəlakət bölgələrini qarış- qarış gəzəcəyini, CHP bələdiyyələrinin gücünü səfərbər edərək zərərçəkənlərə yardım edəcəyini açıqlayıb. Bu, indiki iqtidarın xilasetmə tədbirlərinə, böhranı idarə etmə qabiliyyətinə yaranmış sualları antiiqtidar kapitalına çevirmək üçün edilmiş olduqca riskli bir təşəbbüsdür.
Risk yalnız həbs təhlükəsinə görə deyil. İş ondadır ki, zəlzələ baş verən 10 vilayət Türkiyənin etnik və dini mozaikası ən mürəkkəb, ən çulğaşıq bölgələridir. Burda hər hansı yersiz çağırışlar yalnız hakim AKP-ni deyil, Türkiyənin mövcud siyasi sistemini, bir az ifrat görünsə də, unitar quruluşunu da təhdid edə bilər. O halda itirən yalnız AKP olmayacaq, sistemin qurucusu olan CHP də itirəcək. Yalnız yersiz çağırışlar deyil, fəlakətin siyasiləşdirilməsi də özündə ciddi risk ehtiva edir.
14 milyona yaxın əhali yaşayan fəlakət bölgəsində titul xalqla yanaşı, kürd adı ilə birləşdirilən xalqlar (kürd kurmancilər, yezidilər, zazakilər), ərəblər, siryanilər, ermənilər, hakim xalqla bəzən identifikasiya fərqini qabardan azərilər, türkmanlar yaşayır. Dini konfessional demoqrafiya daha mürəkkəbdir- hənəfilər, xristian-ortodokslar (mıhallami və romeylər), nüseyrilər, şafiilər, ələvilər, qızılbaş türkman və zazakilər, şafii və cəfəri azərilər (kürəsünnilər və şiələr), qriqorianlar, katoliklər, siryanilər, melikitlər. Əksər icmaların həmhüdud ölkələrdə də çoxsaylı soydaşları yaşayır, onlarla leqal və qeyri-leqal əlaqələri, qanuni və ya qaçaq biznes ortaqlıqları var.
Bölgə əhalisinin siyasi meyilləri də Türkiyənin ümumi mənzərəsindən müəyyən qədər fərqlidir. Kilis, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Qəhramanmaraşda bələdiyyə rəisləri AKP-çi, Osmaniyədə MHP-çi, Diyarbəkirdə HDP-çi, Hatay və Adanada CHP-çilərdir. İttihamlar yalnız AKP-ni deyil, HDP istisna bu partiyaların hər birinin bölgədə, bəlkə də ölkədə siyasi mövqelərini itirməsinə, yəni əsil siyasi tektonik dəyişikliyə yol aça, ən azı bələdiyyə seçkiləri zamanı gözlənilməz siyasi qüvvələrin ortaya çıxmasına səbəb ola bilər. Çünki idarəetmə qüsurlarının böyük suçu AKP-yə yüklənsə də, digər ənənəvi partiyaların da məsuliyyəti var. Sistemdənkənar radikal solçu, fundamentalist və separatçıların da ortaya çıxması mümkündür.
Hərçənd, yeni qüvvələrin mütləq sistemdənkənar olması vacib deyil. Sistemdaxili yeni qüvvələrin fəallaşması da gözləniləndir. CHP bazasından çıxma Muharrem İncenin, hələ də CHP-çi olan, bir çoxunun Kılcdaroğlunun alternativi kimi görmək istədiyi Əkrəm İmamoğlunun fəallaşması müşahidə olunur. “6-lı masa”da təmsil olunan liderlərin çoxu keçmişdə AKP və ya Milli Görüş hərəkatında olublar
Bölgədəki təbii fəlakət səbəbilə ərəb səslərinin cümhuriyyət tarixinin heç bir mərhələsində olmadığı səviyyədə əhəmiyyəti arta bilər. Rəsmi rəqəmlərə görə, onların sayı 1milyona yaxındır. Amma Sovet İttifaqının indi açıqlanan gizli hesabatlarında ərəblərin 1940-cı illərdəki sayı daha yüksək rəqəmlərlə göstərilirdi. Təbii ki, onların çox hissəsi indi türk identifikasiyasını mənimsəyib. Amma həmişə yox. Eyni nəsildən olan Nobel mükafatçısı Aziz Sancar türk kimliyi ilə fəxr edir, Midhad Sancar ərəb kimliyi ilə və əsasən kürdlərin partiyası kimi tanınan HDP-də həmsədrdir. Təşəkkül dövründə AKP qurucuları arasında ərəb mənşələrini qabardanlar var idisə, indi belələri qalmayıb. CHP və MHP-nin bəzi üzvlərinin isə “arap” kəlməsini bir çox hallarda təhqir kimi işlətməsi 2010-cu illərdə siyasi qalmaqal yaratmışdı. Ərəb seçicilərin xüsusi nəzərə alınmasını şərtləndirən bir amil də suriyalı mühacirlərin bir qisminin vətəndaşlıq almasıdır.
Azlıq elektoratı ilə bağlı ikinci mühüm məqam bəzi fəlakət bölgələrində kürd deyilən xalqların demoqrafik nisbətdə çoxluq təşkil etməsidir. Verilən xəbərlərdən görünür ki, həm Suriyaya , həm də Türkiyənin sözügedən bölgələrinə ən çoxsaylı xilasedicilər göndərən xarici dövlətlərdən biri də Şimali İraqdakı muxtariyyətdir. Bu, bölgə əhalisinin de-fakto siyasi-coğrafi vahidə meyillərini artıra biləcək amildir.
Adətən elektoral hərəkətliliyə olduqca həssas yanaşan AKP-nin öz təsis dövründə olduğu kimi yenidən azlıq elektoratına hansısa jestlər etməsini proqnoz etmək olar. Ərdoğan bir siyasət ustası, istənilən böhranı lehinə çevirə bilən bacarıqlı PR meneceri, Türkiyənin taleyini dəyişmiş güclü liderdir. Onun qəbul edəcəyi qərarlar, rəqiblərinə qarşı əks gedişləri Türkiyənin növbəti dövrü üçün yeni qüvvələr nisbətini, yeni siyasi palitranı müəyyən edəcək.(Publika)