Dünya
“Türkiyədə seçkilərin taleyini bu amil həll edəcək”
“Türkiyədə seçkilər demokratik şəraitdə keçirilir. Bunun özü müsbət haldır. Ciddi rəqabət gedir. Hər şey əlahəzrət Türkiyə seçicisindən asılıdır”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyədə prezident seçkilərinə namizədlərin müəyyənləşməsi fonunda şansları dəyərləndirərkən deyib.
“Seçici Ərdoğanın son 20 illik fəaliyyətindən razıdırsa, ona səs verəcək. Amma ölkədəki vəziyyətin qənaətbəxş olmadığı və yeni komandaya ehtiyacın olduğunu zənn edirsə, Kılıcdaroğluna səs verəcək. Seçkilərdə təxminən 25 faiz civarında inzibati resurs deyilən bir məfhum var. Bu 25 faiz təbii ki, Ərdoğanın xeyrinə işləyir. Amma Türkiyə iqtisadiyyatının zəifləməsi, güclü inflyasiya, lirənin xeyli ucuzlaşması və zəlzələ amili qüvvələr nisbətinə xeyli ciddi təsir göstərib. Türkiyə xarici siyasətdə üzərinə onu yerinə yetirməyə imkanının olmadığı xeyli ağır öhdəliklər götürüb. Ankara Qərblə gərgin vəziyyətdədir. Bu amillər də Ərdoğana qarşı işləyir”, deyə politoloq bildirib.
Zərdüşt Əlizadənin fikrincə, bu gün reallıq fərqlidir, Ərdoğan əvvəlki seçkilərdə olduğu kimi seçkinin şəksiz lideri deyil. Onun qələbəsi əvvəlki illərdəkindən daha qəlizdir.
Siyasi şərhçi Kənan Rövşənoğlu isə düşünür ki, seçkilərin ikinci tura keçməsi müxalifətin şansını azalda bilər:
“Artıq namizədlər məlumdur. Əlbəttə, əsas yarış Ərdoğan və Kılıçdaroğlu arasında gedəcək. Ancaq Məhərrəm İncə və Sinan Oğan namizəd kimi seçkilərdə ciddi rol oynayacaqlar. Çünki hər iki siyasətçinin hər iki əsas namizəddən səs qoparması riski var. Bu isə seçkinin ikinci tura keçməsində əsas rol oynaya bilər. Hazırda vəziyyət elədir ki, İncənin namizədliyini Kılıçdaroğlunun lehinə geri götürməsi ehtimalı var. Ancaq Sinan Oğanin iştirak etməsi ehtimalı yüksəkdir. Sinan Oğan həm MHP, həm də İYİ Partiyanın səslərini parçalaya bilər. Düzdür, 5 faizdən yuxarı səs alması ehtimalı azdır, lakin dediyim kimi, beş faiz seçkilərdə mühüm nəticəyə səbəb ola bilər. Bu mənada, Oğan və İncənin performansı seçkilərdə ciddi faktor olacaq”.
Qeyd edək ki, mayın 14-də keçiriləcək seçkilərlə bağlı Türkiyədə prezidentliyə namizədlərin imzatoplama prosesi sona çatb. Məmləkət Partiyasının sədri Məhərrəm İnce 114 min 657 və “Ata İttifaqı”nın namizədi Sinan Oğan 111 min 502 imza toplaya bilib.
Beləliklə, “Cumhur İttifaqı”nın namizədi, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə yanaşı seçkilərdə ölkə başçısı vəzifəsi uğrunda mübarizə qoşulmaq niyyətini bildirən namizədlərin sayı 4 nəfər olub. Aprelin 1-də rəsmi olaraq seçki kampanyasına start veriləcək.