Rusiyada xaos rublu çökdürdü
İyunun 26-da keçirilən erkən ticarətdə dollar və avro rubla qarşı kəskin möhkəmlənir.
Jamaz.info xəbər verir ki, bu barədə Moskva birjasının məlumatında deyilir.
Bildirilir ki, əməliyyatların başlamasından sonra ilk dəqiqələrdə Amerika valyutasının məzənnəsi 86,77 rubla, Avropa valyutasının məzənnəsi 94,8 rubla yüksəlib. Yuan isə 12 rubldan yuxarı qalxıb .
Sonuncu dəfə rubl bu səviyyədə 2022-ci ilin martında olub.
Səhər saat 7:15-ə kimi dollar 86,24 rubla, avro 94,17 rubla korrektə edib.
Həftəsonu hadisələri fonunda Rusiya valyutasının kəskin zəifləməsi gözlənilirdi.
Xatırladaq ki, “Wagner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Daha sonra V.Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib.