Rusiya “Mars”ın Ukrayna ordusuna yardımından şübhələnir
Rusiyanın Moskva vilayətinin prokurorluğu “Mars” şirkətlərinin Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsini yoxlayır.
Jamaz.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Moskva vilayətinin prokurorluğu “M&M’s”, “Bounty”, “Milky Way”, “Twix”, “Orbit”, həmçinin “Pedigree”, “Royal Canin” və “Sheba” brendlərinin sahibi olan “Mars” MMC-nin auditinə başlayıb.
“Şirkətin Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyinin göstərilməsi, həmçinin əldə edilən gəlirlərin etibarlılığı və Rusiya Federasiyasının xəzinədarlığına ödənilən vergi endirimlərinə uyğunluğu yoxlanılır”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya tam miqyaslı işğalının başlamasından sonra “Mars” Rusiya və Belarusda reklam sifarişini dayandırdığını, həmçinin Rusiyaya yeni investisiyaları geri çəkdiyini açıqlamışdı. Şirkət rəsmi olaraq hərbi əməliyyatlardan zərər çəkmiş ukraynalılara və onların ev heyvanlarına humanitar yardım üçün pul köçürüb.(modern)