Pezeşkiyan Təbriz və Tehran bazarlarına niyə tez-tez gedir?
İranın yeni prezidenti Məsud Pezeşkiyan seçkilərdən əvvəl də daxil olmaqla, davamlı olaraq iki əsas şəhərin bazarlarına daha çox baş çəkir. Tribunainfo.az xəbər verir ki, dünən Tasua mərasimi ilə əlaqədar yenidən Tehranın ən böyük bazarında keçirilən mərasimə qatılıb.
Qeyd edək ki, Tehranın iri bazarlarının əskəriyyəti azərbaycanlıların əlindədir. Elə Pezeşkiyanın qatıldığı mərasimin təşkilatçısı da Təbrizdən olan iş adamlarının “Məhərrəm heyət”inin üzvləridir.
“Təbriz Xəbərləri” saytının yazdığı məlumata görə, İranın prezidenti Aşura Günü mərasimlərində Təbrizə gələcək və şəhərin ən böyük bazarında təşkil olunmuş şəbihdə iştirak edəcək.
Yerli ekspertlər deyirlər ki, Pezeşkiyanın bu addımı səbəbsiz deyil. “Bu bir neçə məsələ ilə bağlıdır. Birincisi, onun əsas elektoratı Güney Azərbaycandan olan iş adamlarıdır. Elə seçikini maliyyələşdirən şəxslər də onlar olublar. İkincisi, Pezeşkiyan bu addımı ilə həmin burjaziyanın yanında olduğunu və daha çox dəstəyini qazanmağa çalışır. Üçüncüsü isə böyük maliyyə imkanlarına malik olan bu adamlar İranın iqtisadiyyatının qurulmasında yeni prezidentə yardımçı ola bilərlər”.
Müşahidəçilər Pezeşkiyanın bu hərəkətinin Güneydə yaşayan azərbaycanlıların milli zəmində dəstəklənməsi barədə deyilənləri real saymırlar. Onlar hesab edirlər ki, bu cür xəbərlərin dövriyyəyə buraxılması daha çox onun rəqiblərinin işidir. “Onlar məsələyə etnik rəng verməyə çalışırlar. Seçki məğlubiyyətinin acısını bu şəkildə büruzə verirlər. İranda hal hazırda etnik məzmunlu siyasət aparma hələ ki, mümkün deyil”.