Paşinyanın şok planı: Ermənistan Putini həbs etmək üçün bu qərarı qəbul edib?
Xəbər verdiyimiz kimi, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəliklərin konstitusiyaya uyğun olduğunu tanıyıb. Ermənistan Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib.
Jamaz.info xəbər verir ki, Roma Statutunun ratifikasiyası Ermənistanın üzərinə öhdəlik qoyacaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan ərazisinə ayaq basacağı təqdirdə onu həbs etsin.
Xatırlatma: Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.
Roma Statutunun 63-cü maddəsinə əsasən, qiyabi məhkəmə prosesi mümkün deyil. Orderlərin icrası Roma Statutunun üzvü olan dövlətlərin üzərinə düşür. Ermənistan 1999-cu ildə Roma Statutunu imzalayıb, lakin BCM-nin nizamnamə sazişlərini hələ də ratifikasiya etməyib. Artıq Ermənistan hökuməti BCM haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etməyə qərar verib.
2004-cü ildə Ermənistanın Konstitusiya Məhkəməsi bu sənədi ölkə Konstitusiyasına zidd adlandırmışdı. 2004-cü ildən bəri Ermənistan Konstitusiyasına iki dəfə düzəlişlər edilib və bununla bağlı Nikol Paşinyanın hökuməti bu məsələni yenidən qaldırıb. Beləliklə, indi Ermənistanın qarşısında BCM-in yurisdiksiyasının tanınması üçün heç bir maneə yoxdur.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya liderinin Ermənistanda həbs olunması təhlükəsinə dair məsələni şərh edərək bildirib ki, bundan əvvəl Ermənistanın Konstitusiya Məhkəməsi Roma Statutunun ölkə Konstitusiyasına uyğunluğu barədə qərar qəbul edib.
İddia olunur ki, Azərbaycanla qarşıdurmada bu məhkəmə instansiyasından istifadə edəcəyinə ümid bəsləyən Ermənistan hakimiyyəti ötən ilin sonunda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun təsdiqi üçün ölkənin Konstitusiya Məhkəməsinə müraciət edib.
Ermənistan hakimiyyətinin bilərəkdən Konstitusiya Məhkəməsinin mövqeyini indi – BCM-in Putinin həbsinə order verilməsi barədə qərarından sonra dərc etmək qərarına gəldiyi söylənilir.
Rusiyalı ekspertlər vurğulayırlar ki, İrəvanın bu addımı Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vuracaq. Hətta qeyd edirlər ki, bu, Putinin səbrini daşıracaq son damla ola bilər.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci il Roma Nizamnaməsinə əsasən təşkil olunub və 27-si Aİ üzvü olmaqla, 123 ölkə tərəfindən imzalanıb. Məhkəmənin hüquqi əsasları ABŞ, Çin, Rusiya tərəfindən tanınmır.(publika)