
Mərmərə-Trakiya bölgəsində zəlzələ oldu
Türkiyənin Trakiya regionunda – Balkan yarımadasında yerləşən Tekirdağ vilayətində zəlzələ olub.
Jamaz.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin İstanbul yaxınlığında yerləşən Marmaraereğlisi rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 8.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Episentr Mərmərə dənizi sahilindən 21.2 kilometr məsafədə olub.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Fevralın 20-də Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib. Daha sonra Kahramanmaraşda 5 ballıq yeni yeraltı təkan olub.