Fransa Ermənistana hərbi yardım etməyəcək – İrəvana rədd cavabı
Son vaxtlar Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsi və Naxçıvan istiqamətində təxribatları intensivləşdirib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində isə qanunsuz silahlı dəstələr mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd ediblər. Buna paralel olaraq, Ermənistan ordusunun şərti sərhəddə yerləşən bölmələrinin bir nömrəli hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.
Erməni mediasında yer alan iddialara əsasən, hazırlıq prosesi fonunda Avropa İttifaqının müşahidəçiləri sərhəddən uzaqlaşdırılıb.
Müdafiə Nazirliyinin yaydığı məlumatlarda bildirilib ki, Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verir və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrini susdurur, eyni zamanda separatçıların cəhdlərinin qarşısını alır.
Bölgədə vəziyyətin gərgin olduğu məqamda hansı ölkələrin Ermənistanı sülhdən yayındıraraq, təxribatlara təhrik etməsi haqlı olaraq sual doğurur. İndiki durumda əsas diqqət çəkən məqamın Ermənistanın sülh müqaviləsinə hazırlıq prosesində bu cür təxribatlara əl atmasıdır.
Təbii ki, Azərbaycana qarşı hərbi təxribatlarda Ermənistanın havadarlarının rolu istisna edilmir. Fransanın İrəvanın destruktiv mövqeyinə dəstək nümayiş etdirməsi xüsusilə diqqət çəkir. Ekspertlərin fikrincə, Fransa rəsmilərinin Ermənistana dəstək mesajları erməni ordusunu yeni toqquşmalara sürükləyir.
Maraqlıdır, rəsmi Paris təxribatlara haqq qazandırmaqla nəyə nail olmaq istəyir?
Bu barədə Modern.az-a danışan Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lambert bildirib ki, ölkəsi Ermənistana hərbi yardım etməyəcək:
“Heç kim növbəti “müharibə”ni planlaşdırmır. Bunu nə Azərbaycan, nə də Ermənistan istəyir. Amma burada digər diqqət çəkən məqamlar var. Belə ki, Ermənistan Rusiya ilə hərbi ittifaqın bir hissəsidir. Onu təxribatlara sürükləyən qüvvə tək deyil. Amma mən təcrübələrimə əsasən deyə bilərəm ki, Fransa ola biləcək hər hansı toqquşmada Ermənistana dəstək verməyəcək”.
“Əsasən hərbi sahədə dəstəkdən söhbət gedə bilməz. Mən başa düşmürəm ki, Fransa bu ölkəyə necə “hərbi” dəstək verəcək? Çünki Fransanın özünün maraqlanmalı olduğu məsələlər var. Xüsusilə indiki kontekstdə hərbi dəstək mümkün deyil. Ona görə də Ermənistanın çıxış yolu olaraq bir seçimi var. Bu da Azərbaycan ilə sülh müqaviləsinin bağlanmasıdır. Sülh müqaviləsi regionda problemlərin həllinə səbəb olacaq. Düşünürəm ki, vasitəçi dövlətlər hər iki ölkənin maraqlarından çıxış etməlidir. Bu zaman davamlı sülhə nail olmaq olar”, – deyə fransalı siyasətçi vurğulayıb.