Cəmiyyət

Şuşanın atəşə tutulması antiterror əməliyyatını qaçılmaz edir

Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki qanunsuz erməni silahlı dəstələri yenidən təxribata əl ataraq, mövqelərimizi atəşə tutublar. Separatçılar bu dəfə Şuşanı hədəfə almaqdan belə çəkinməyiblər.

Belə ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Bölmələrimiz cavab atəşi ilə qarşı tərəfi susdurub.

Şuşanın atəşə tutulması Azərbaycan cəmiyyətində ciddi etiraz doğurub. Ekspertlər Azərbaycan Ordusunun dərhal hərəkətə keçərək, antiterror əməliyyatına başlamasının vacibliyini diqqətə çatdırıblar.

Jamaz.info xəbər verir ki, son hadisələr barədə Modern.az-adanışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov antiterror əməliyyatı ilə bağlı təklifləri dəstəklədiyini deyib. Onun sözlərinə görə, elə indi əməliyyata başlamaq lazımdır:

“Ermənilər o qədər həyasızlaşıblar ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən Şuşa şəhərini atəşə tutublar. Bu, birbaşa təhqirdir. Heç nəyi gözləmədən, gecikmədən elə bu saatdan etibarən antiterror əməliyyatına başlamaq lazımdır. Bu məsələyə birdəfəlik son qoymağın vaxtı çatıb. Onlar atəşi ona görə açdılar ki, Azərbaycan cavab versin. Bununla da İrəvanda müzakirə olunmağa mövzu tapılsın. Bu, elə-belə sıradan hadisə deyil. Düzdür, Tərtərə və digər ərazilərə atəş açmışdılar. Ancaq Şuşaya son iki ildə atəş açılmamışdı. Biz gecikməməliyik. Şuşa bizim namus, qeyrət simvolumuzdur. Nə üçün icazə verməliyik ki, ermənilər ruslarla bir olub, bizə qarşı belə təxribatlar törətsin?”.

Ekspert bildirib ki, son təxribatlara görə Rusiya sülhməramlıları məsuliyyət daşıyır:

“Təxribatların Rusiya sülhməramlılarının təhriki ilə baş verməsi şübhə doğurmur. Əks halda Qarabağın dağlıq hissəsindəki qanunsuz erməni silahlı birləşmələri Azərbaycan komando birliklərinin qarşısında tab gətirə bilməz. Tezliklə antiterror əməliyyatına başlamasaq, ermənilərin azğınlığı daha da artacaq”.

Ehtiyatda olan polkovnik əlavə edib ki, antiterror əməliyyatı zamanı KTMT Ermənistanı xilas etməyə çalışmayacaq:

“KTMT ölü təşkilatdır. O nə 44 günlük Vətən müharibəsində, nə də Ukraynadakı müharibədə özünü göstərə bilib. Ümumiyyətlə, bu təşkilatda yalnız Rusiya və Belarus könüllüdür. Digərləri məcbur ora qoşulub. Ermənilər KTMT-nin köməyinə bel bağlayırlarsa, səhv edirlər. Təşkilatdakı heç bir ölkə Azərbaycan əleyhinə vuruşası deyil. Prezident İlham Əliyev YAP-ın 30 illik yubileyinə həsr olunmuş iclasda bildirdi ki, KTMT-dəki ölkələrin hər birinin Azərbaycanla yaxın ikitərəfli əlaqələri var. Yəni KTMT bizə deməyəcək ki, antiterror əməliyyatını dayandırın. Yeri gəlmişkən, Qərbin ermənilərə müəyyən dəstəyinin olması bizə məlumdur. Azərbaycan diplomatiyası bu ərəfədə daha da ciddi işləməlidir. Gecə-gündüz üçtərəfli bəyannamənin müddəaları gündəmə gətirilməlidir”.

Ü.Cəfərovun fikrincə, üçüncü antiterror əməliyyatı qaçılmazdır:

“Hadisələrin gedişi məhz bunu göstərir. Şuşanın vurulması ev yiyəsinə meydan oxumaq kimi bir şeydir.  Beləliklə, mütləq şəkildə üçüncü və sonuncu antiterror əməliyyatı həyata keçiriləcək. Allah əsgər və zabitlərimizi qorusun. Sonuncu antiterror əməliyyatı maksimum 1 həftə çəkəcək. Əməliyyatın birinci və ikinci günündə ermənilər kritik vəziyyətə düşəcək. Üçüncü gün qaçmağa deşik axtaracaqlar. 6-7-ci günlər isə orada heç kim qalmayacaq. Qalanlar da çox rahatlıqla zərərsizləşdiriləcək. Əməliyyatın bir həftə sürməsinə Ağdərə səbəb olacaq. Ərazi dağlıqdır, həm də orada yaşayış var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button