Oqtay Əsədovun qardaşının ölkədən çıxışına “STOP” qoyuldu
Milli Məclisin keçmiş sədri, deputat Oqtay Əsədovun qardaşı Nazim Əsədovun Azərbaycandan çıxışı məhdudlaşdırılıb.
Jamaz.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb iş adamı kimi fəaliyyət göstərən N.Əsədovun vergi və sosial ödənişlərdən yayınmasıdır.
Belə ki, Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək N.Əsədova məxsus “İnam”, “Nurvin-ST” və “Nəsimi-44” şirkətlərinin Dövlət Sosial Müdafiə Fonduna olan 20 min manata yaxın borcunu ödəmədiyini bildirib. Vergi Xidməti biznesmenin ölkədən çıxışına “stop” qoyulmasını xahiş edib.
Ərizəyə bu gün hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim iddianı təmin edib. Nazim Əsədovun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Oqtay Əsədov 2005-2019-cu illərdə Milli Məclisin sədri olub. Nazim Əsədov bir neçə dəfə mediada tikinti sahəsindəki fəaliyyəti ilə gündəmə gəlib.