Cəmiyyət

“Jurnalistlərin də Söyüdlüyə girişi qadağandır” – DİN

Gədəbəyin Söyüdlü kəndinə jurnalistlərin də girişi qadağandır.
Jamaz.info xəbər verir ki, bunu Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
Qeyd edək ki, dünən – iyunun 22-də gün ərzində müxtəlif media nümayəndələri Söyüdlü kəndində çəkiliş aparıb, reportajlar hazırlayıblar. Həmçinin mətbuatda Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın fəaliyyəti ilə bağlı da müxtəlif məqalələr dərc olunub.
Maraqlıdır ki, bəzi KİV nümayəndələri kənddə fəaliyyətlərini icra edə bildikləri halda, bir qisminin Söyüdlüyə girişi qeyri-qanuni hesab olunub. Belə ki, ötən gün jurnalistlər Nigar Mübariz və Nərgiz Absalamovanın kəndə girişinə icazə verilməyib.
Sözügedən jurnalistlər Gədəbəydə saxlanılaraq zorakılığa məruz qaldıqlarını bildiriblər. Eşqin Qasımov onların dediklərini “əsassız iddialar” adlandırıb.
DİN-in əməkdaşı kənddə digər jurnalistlərin fəaliyyəti ilə bağlı sualımıza isə belə cavab verib:
“Onlar Komissiya ilə birlikdə kəndə gəlib, daha sonra kəndi tərk ediblər”.
Qeyd edək ki, Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 20-də kənd ərazisində sianid gölünün salınmasına etiraz ediblər. Onlar qızıl mədəninin tullantıxanası olan sianid gölünün onların sağlamlığına və təsərrüfatına zərər vurduğunu deyir.
Onlardan bəzilərinin polis tərəfindən zorakılığa məruz qalmasını əks etdirən kadrlar yayılıb.
DİN məsələnin araşdırıldığını bildirir.
İyunun 21-də Söyüdlü sakinləri yenidən aksiya keçiriblər və bu dəfə rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov da hadisə yerinə gəlib.
Xatırladaq ki, iyunun 21-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Ötən gün kəndə girişin məhdudlaşdırıldığı açıqlanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button