Cəmiyyət

“İranla münasibətlər gərginləşdikcə oğluma ölüm hökmü çıxarılacağından qorxuram”

“Mən soruşdum ki, qız əleyhinə ifadə veribmi? Dedi ki, “nəinki qız, heç kim əleyhimə ifadə verməyib. Ortada heç bir sübut da yoxdur”. Yeganə soruşduqları sual budur ki, Avropada təhsil alırsan, niyə bu vaxt İrana gəlmisən? Niyə fars dilində bilirsən?”
Jamaz.info xəbər verir ki, bunu Almaniyada yaşayan və İrana tələbə yoldaşını ziyarətə gedən zaman həbs olunan Fərid Səfərlinin anası Dilarə Əsgərova “Abzas Media”ya deyib.
Valideyn deyib ki, oğlu fars dilində danışa bilsə də, hüquqi terminləri bilmədiyinə görə vəkilə və tərcüməçiyə ehtiyacı var:
“Mən narahatam ki, Fəridin vəkili yoxdur. Birinci məhkəmədə ingilisdilli vəkil olub, ikinci, üçüncü məhkəmədə deyiblər ki, farsca danışa bilirsən, bu dildə ifadə verərsən. Amma Fərid deyir ki, mən farsca hüquqi terminləri bilmirəm. Məhkəmədə olan danışıqla məhkumlar arasında olan danışıq başqadır. Məhkəmədə əziyyət çəkdiyini dedi. Mən də tapşırdım ki, vəkilsiz, tərcüməçisiz ifadə verməsin”.
Valideyn bildirib ki, Azərbaycanın İrandakı konsulu dəfələrlə müstəntiqlə, məhkəmə işçiləri ilə görüşməyə çalışıb, amma hələ ki, bu cəhdləri alınmayıb.
“Mən mətbuatdan oxumuşam ki, İranda casusluq maddəsinə ölüm cəzası verilir. Hətta isveçli bir alimə bir neçə il bundan qabaq casusluq maddəsi ilə ölüm hökmü çıxarılıb. Azərbaycanla İran arasında münasibətlər gərginləşdikcə mən bu cəzanın veriləcəyindən daha çox qorxuram”, – o deyib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan bildirib ki, İran hökumətindən bu həbslə bağlı heç bir açıqlama ala bilməyiblər.
“Biz Xarici İşlər Nazirliyi olaraq, həm də Baş konsul vasitəsilə bu istiqamətdə iş aparırıq. Fərid Səfərli ilə bağlı mərkəzlə daim təmasdayıq və İran tərəfi ilə bu istiqamətdə iş aparılır. İndiki məqamda İran tərəfindən bu həbslə bağlı hər hansısa açıqlama yoxdur”, – A. Hacızadə bildirib.
Almaniyada təhsil alan F.Səfərlinin bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın yaşadığı Tehrana şəhərinə getdiyi deyilir. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb. O, ittihamı qəbul etməyib.(yeniavaz)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button