İranda həbs olunan Fərid anası ilə danışıb: “Dedi, möhkəm ol…”
İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlu ilə danışa bilib.
Jamaz.info xəbər verir ki, bu barədə o, Musavat.com-a danışıb.
“Oğlumla danışdıq, ona “möhkəm ol, dövlət səviyyəsində müdafiə olunacaqsan”, dedim. O da, cavabında dedi ki, yaxşıdır. Mən kövrəldim danışanda. O, dedi mən möhkəməm, əsl sən möhkəm ol. Yaxşı olacaq hər şey. Mən ona təsəlli verməkdən, o mənə ürək-dirək verdi. Özümə söz vermişdim, ağlamayacağam, amma özümü saxlaya bilmədim”, – deyə Dilarə Əsgərova bildirib.
Dilarə Əsgərova əlavə edib ki, Fərid özünə əmindir:
“Əminliklə dedi ki, heç bir günahı yoxdur. “Həmin maddə ilə ittiham olunmağıma heç bir səbəb yoxdur”, dedi. İnanıram ki, ədalətli qərar çıxarılacaq. Azərbaycan dövləti hazırda bu işlə məşğul olur. Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Bəlkə də təyin olunub, yəqin ki, mənə məlumat verəcəklər. Dövlət bu işlə bağlı ciddi məşğuldur. Onlar özləri Fəridlə əlaqə saxlayırlar. Konsulluqdan da Fəridlə müntəzəm danışılır. İnanıram ki, hər şey yaxşı olacaq”.