İlkin Süleymanovun apellyasiya şikayəti təmin edilmədi
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə iclas keçirilib.
Jamaz.info APA-ya istinadla xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin olunmayıb.
Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsindəki hökmün ləğv edilməsini və bəraət hökmünün verilməsini istəyib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.