Cəmiyyət
Fransa Ermənistana hansı silahları verəcək?
“Fransanın Ermənistana öldürücü silah verəcəyi ilə bağlı yayılan məlumatlar çəkindirici məqsəd daşıyan təbliğat xarakterli informasiyadır”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Fransanın “Intelligence Online” nəşrinin yaydığı məlumatı şərh edərkən deyib:
Ekspert Farnsanın çox strateji əhəmiyyətli silahlarını Ermənistana verəcəyinə inanmadığını deyib:
“Əslində, kiçik çaplısından tutmuş atom bombasına qədər istənilən silah ölümcüldür. Amma Fransa mətbuatı ölümcül silah terminini işlədirsə, bu ya bioloji silah, ya raketlər, ya da nüvə silahı olmalıdır. Fransanın çox strateji əhəmiyyətli silahlarını Ermənistana verəcəyinə inanmıram. Rusiya özü də istəməz ki, Fransa Ermənistana belə silahlar versin.
Paris Ermənistana diplomatik yardım edir, hər zaman onun tərəfini tutur. Fransa Ermənistana maliyyə yardımları da edir. Amma onun Ermənistana ölümcül silahlar verməsi qeyri-mümkündür. Ona görə də Fransa mətbuatında bu barədə gedən informasiyaları təbliğat xarakterli savaşın tərkib hissəsi adlandırıram. Ola bilsin ki, belə bir informasiyanı dövriyyəyə buraxmaqla fransızlar onun çəkindirici gücə malik olacağını düşünüblər. Bu münaqişədə Fransa tərəfdir. Amma öldürücü silahla bağlı deyilənlər şişirdilib. Belə hal baş versə, dünya onu düzgün qəbul etməyəcək. Fransanın Ermənsitanla heç bir müttəfiqliyi də yoxdur. Paris və İrəvan yalnız mənəvi cəhətdən bir-birinə bağlıdırlar”.
Qeyd edək ki, Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib. Caliber.az-ın əldə etdiyi etibarlı məlumatlara görə, bir müddət əvvəl Fransanın “Intelligence Online” nəşrinin yaydığı məlumat öz təsdiqini tapıb. Məlumatda o da yer alıb ki, yeni hərbi attaşe Fransanın ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Bildirilir ki, Parisin Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa prezidenti Emmanuel Makron verib.