Cəmiyyət

“Dünyanı, yeri, göyü, o biri ölkələri su aparır, burada su yoxdur”

“Dünyanı, yeri, göyü, o biri ölkələri su aparır, burada su yoxdur. Çətindir, bax bir belə yer üçün insan bir qaşıq su tapmır”.
Jamaz.info
 Meydan TV-yə istinadən xəbər verir ki, bunu Xaçmaz rayonunun kənd sakinləri bildirir.
Qeyd edilib ki, Xaçmazın kəndlərində suvarma üçün qazılan arxlar tez-tez quruyur. Çörəyi bağ-bostandan çıxan camaat yağışın ümidinə qalıb. Qadaşoba kəndinin sakinləri deyir, bağlarını sulamaq üçün su növbəsinə dayanmalı olurlar. İçməli su tapmaq da ayrı dərddir. Sakinlər suyu yerdən motorla çıxarırlar.
“Su gəlir, növbə ilə sulayırıq bağları. Bundan qabaq bir az çətin idi, yağış yağandan sonra sular yaxşıdı. Məsələn, bir cərgə ilə camaat sulayır, 1-2 gündən bir, baxır da, camaatın sahəsinə. Tez qutarsa, qonşu sulayır, sonra o biri qonşu sulayır. Əsas sudur da, su həyatdır, su olan yerdə hər şey olur. Su olmayanda həyat da olmur. Bax, adi motorla su çıxartmışam, bu olmasa həyat yoxdur”.
“Su gec-gec gəlir, camaat bağlarını sulaya bilmir. Bir ara gəlir, bir ara gəlmir. Biri sulaya bilir bağını, biri sulaya bilmir. Yarısına çatır, yarısına çatmır. Suda problemlər yaşayırıq. Camaat da ümidini dikib bağlara, gilas bağlarıdı hamısı, camaatın ruzisidir. Su olmadı, yanıb gedir hamısı. Ona görə, biz də istəyirik ki, vaxtlı-vaxtında sular gəlsin”.
Xaçmazın Əhmədoba kəndinin camaatı isə deyir, çaylardan gələn su yuxarı kəndlərdən onlara çatana qədər quruyur. Sakinlər bağlarını sulaya bilməməsindən giley-güzar edir. Ağacların quruması kənd əhlini ziyana salır.
Əhmədoba kəndində bircə içməli su kranı var, o da kəndin girişindədir.
“Çayın qabağını kəsirlər yuxarıdan. O sulayır, bu sulayır, mən sulaya bilmirəm. Kənddən gətizdirirəm də. Sənə, ona, buna, hansına desəm, etiraz eləmirlər, gətirirlər. Mən gedə bilmirəm axı. Budur, quruyur ağaclar. Orada iki dənə Bəhrə ağacı var idi. Onlar ikisi də qurudular. Su yoxdur”.
“Su növbəsinə yazılırıq. Amma onda da su tapmırıq. Bağlar hələ sulanmayıb. Su yoxdur, baxırıq, qayıdıb gəlirik. Deyəndə deyirlər ki, heç yerdə su yoxdur. İldə bir dəfə də olsa, bağları sulamışıq. Amma artıq may ayı çıxır, bu il hələ bağa bir qaşıq su dəyməyib. Allahdan yağan yağışın, təbiətin öz qüvvəsi ilə nə əmələ gəlir odur”.
Əhmədoba kənd sakini Nəbi Qəribov deyir, aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi yoxdur. Olmayan suyun pulunu yığmaqları da ayrı dərddir.
“Qış çıxandan bu günə qədər bir qram su görmürük biz. Su yerindən gəlmir, vermirlər. Nə qədər şikayət etsək, xeyri yoxdur. Bax, görürsən, bunlar susuzluqdandır. Ağaclara nasosla su çıxarıb veririk. O da effektiv deyil də. Təbii su effektiv olur. Gəlir ki, supulu ver. Mən bu suyu işlətmirəmsə, sənə pulu haradan verim? Həyətlərimiz qupquru, su yoxdur”.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müraciətimizdən sonra suyun limitini qaldırdıqlarını dedilər. Bugünə qədər suyun limiti niyə az idi sualına isə hələ də cavab yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button