Əli Kərimli həbsdə olan mühafizəçisini aclığı dayandırmağa çağırıb
Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli həbsdə olan partiya fəalı Niyaməddin Əhmədovu aclığı dayandırmağa çağırıb. Kərimli Facebook-da dərc etdiyi müraciətində Əhmədovun sentyabrın 22-dən aclıq etdiyini xatırladır. Bütün bu müddət ərzində o, ailə üzvləri və vəkili ilə ünsiyyət imkanından məhrum edilib.
Yalnız oktyabrın 3-də onun vəkili ilə əlaqə saxlamasına şərait yaradılıb. O, koronavirusa yoluxmasına baxmayaraq, aclıq etdiyini və dərmanlardan imtina etdiyini bildirib.
Əhmədov vəkili ilə danışmasına imkan verildiyi üçün su içməyə başlayıb, amma yeməkdən və dərmanlardan hələ də imtina edir.
Kərimli Əhmədovu ölüm aclığını dayandırmağa çağırıb. O, Azərbaycan xalqının siyasi məhbusların azad edilməsi uğrunda mübarizəni davam etdirəcəyindən əmindir. “Niyaməddin bəy və digər siyasi məhbus dostlarımız uzun müddət həbsdə qalmayacaq. Vəkili Zübeydə xanımdan xahiş edirəm, mənim müraciətimi elə bu gün Niyaməddin bəyə çatdırsın”.