Gündəm

Terrora ikili standartlardan baxış

Seymur Həzi 
Erməni polkovnik deyib ki, Azərbaycan ərazilərində, konkret olaraq, Laçın və Kəlbəcərdə 17 maşın mina basdırıblar. Bu açıqlamanı müxtəlif cür qiymətləndirənlər var. Bəziləri hesab edir ki, düşmən ordunun zabiti Kəlbəcərdə və Laçında olan mədən və meneral yataqların işlənməsini əngəlləmək üçün blef edir. Amma bizi Ermənistan ordusunun zabitinin yalançı, yoxsa həqiqətpərəst olması maraqlandırmır. Burada ortaya çıxan məqam kifayət qədər ciddidir və Azərbaycan tərəfi bu məqamdan yapışıb, bir sıra konkret addımlar atmalıdır.
Əgər dinc peşə fəaliyyətini yerinə yetirən jurnalistlər erməni minasının qurbanına çevrilirsə, bundan əvvəl isə bir neçə dəfə mina basdırmaq məqsədilə Azərbaycan ərazilərinə keçmiş erməni hərbçilər yaxalanırsa, deməli, biz 17 maşın mina haqqında bəyanata sadəcə, quru hədə və ya blef kimi yanaşa bilmərik. Ortada bir neçə insanın həyatına son qoymuş olay var. Bundan başqa, 44 günlük müharibədən sonra ermənilərin basdırdığı minaların partlaması nəticəsində həyatını və sağlamlığını itirmiş dinc insanların sayı yüzü çoxdan keçib. Belə vəziyyətdə Azərbaycan tərəfi bu bəyanatı ciddi qəbul etməyə bilməz. Deməli, bu bəyanat üzərində ciddi iş aparılmalıdır. Sözsüz ki, baş vermiş sonuncu partlayış həm də bölgədə guya sülhyaratma missiyasında olan Rusiyanın demək olar ki, tamam fərqli və qara niyyətlə Azərbaycanda olduğunu ortaya qoydu. Bu isə Azərbaycan üçün yeni vəzifələr meydana çıxardı – Ermənistan beynəlxalq müstəvidə cavab verməlidir və “17 maşın mina basdırmaq” bəyanı bunun üçün ciddi əsasdır. Təbii ki, icra etməyə dövlət və hökumət orqanı tapılsa…
Azərbaycanlı jurnalistlərin olduğu və minaya düşən maşında hansısa beynəlxalq media orqanının əməkdaşları ola bilməzdimi? Əlbəttə, ola bilərdi. Bu zaman beynəlxalq birliyin ilk gəldiyi qənaət nə olacaqdı? “Rusiya bölgədə sabitliyi təmin edə bilmir”. Ermənistan tərəfi açıq şəkildə Azərbaycan ərazilərinə soxulur və orada minalar basdırmaqla maddi və humanitar təlafat törədir. Bunun qarşısını kim və necə almalıdır? Əlbəttə, burada Azərbaycan rəhbərliyinin də məsuliyyəti var. Söhbət xidmətin və mühafizənin yerinə yetirilməsindəki səhlənkarlıqdan gedir. Amma burada ikinci mühüm qüvvə var və o, bütün dünyaya car çəkib, özünü bölgədə sabitliyin qarantı elan edib. Doğrudan da, Rusiya bu işi görə bilirmi? Görə bilmir.
Son vaxtlar xeyli aktivləşmiş digər həmsədr ölkə – Fransanın davranışlarına baxaq. Bu gün partlayışın qurbanı Azərbaycan rəsmi mediasının əməkdaşlarıdır və bu, prezident Makronun seçki kampaniyasına elə də təsir etmir. Ona görə də, yerini itirdiyi vicdanını işə salmağa ehtiyac görmür. Ancaq bir də düşünmək lazımdır ki, o maşında, məsələn, “France 24”ün əməkdaşları olsaydı, nə baş verərdi. Məgər bu hadisə “Şarli Hebdo” jurnalının redaksiyasında baş vermiş terrordan daha az təsirlidir? Yoxsa, burada baş verənlər terror deyil? Bəlkə “bizim terrorçu”, “sizin terrorçu” anlayışları yaranıb, bizim xəbərimiz yoxdur? Dünyanın harasında olursa-olsun, subyektiv səbəblərdən terroru lənətləyə bilməyənlər onun qurbanına çevrilməyə məhkumdurlar.
Dövlət başçısı İlham Əliyev niyə meydana çıxıb, böyük yürüşün önündə getmədi? Nə üçün bu olay dünya mediasında kifayət qədər əks-səda yaratmadı? Niyə diplomatik korpusun jurnalistlərin dəfninə gəlişi təşkil edilmədi? Bir sözlə, niyə bu qədər müti və passiv bir reaksiya oldu? Hələ ki, deyək, bacarmadılar. Yoxsa, daha dərin nəticələr çıxarmaq üçün əsaslar axtarmalı olacağıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button