Dünya

KTMT qoşunlarının Qazaxıstandan çıxarılma vaxtı açıqlandı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasının Qazaxıstandan çıxarılması iki gün sonra, yanvarın 13-də başlanacaq və proses 10 gün davam edəcək. 

“Sputnik Qazaxıstan”ın yanvarın 11-də verdiyi məlumata görə, bu barədə Prezident Qasım-Comərd Tokayev çıxışında bildirib.

Dövlət başçısı xarici hərbi kontingentin əsas missiyasının başa çatdığını bildirib. Onun sözlərinə görə, ölkənin bütün regionlarında vəziyyət sabitləşib.

Bununla yanaşı, Tokayev ölkənin yeni baş nazirinin təyinatı ilə bağlı da sərəncam imzalayıb. Hökumətə hazırda baş nazir səlahiyyətlərini icra edən Əlixan Smaylov rəhbərlik edəcək.

Tokayevin dəyərləndirməsinə görə, ölkədəki iğtişaşlar nəticəsində dövlətə dəyən ümumi zərər 2-3 milyard dollar təşkil edə bilər.

Qazaxıstanda vəziyyət yanvarın 2-də, maye qazın qiymətinin iki dəfə  artırılmasına qarşı ölkənin qərbində yerləşən Mangistau vilayətində etirazlarla gərginləşib.

Sonrakı günlərdə etirazlar bütün ölkəni bürüyüb və siyasi tələbləri də əhatə edib. Yanvarın 4-5-də Almatı şəhərində və ölkənin müxtəlif bölgələrində etirazçılarla güc strukturları arasında toqquşmalar baş verib. Ölənlər və xəsarət alanlar var. Etirazlar hökumətin istefası və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin siyasətdən getməsi ilə nəticələnib.

Yanvarın 5-də Prezident Qasım-Comart Tokayevin müraciəti əsasında anti-terror əməliyyatları keçirmək üçün KTMT qoşunları ölkəyə daxil olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button