Ölkə içiUncategorized

XTQ-nin “Kürşad”ı- Tofiq Əmirli

44 günlük Vətən müharibəmizin qəhrəman hərbçilərindən olan xüsusi təyinatlı şəhidimiz Tofiq Şəmsəddin oğlu Əmirlinin atası tərəfindən ev muzeyi tikilərək istifadəyə verilib. 
Moderator.az-ın əməkdaşı Cəlilabadın Göytəpə qəsəbəsində şəhidin ailəsinə baş çəkib və Şəhid muzeyi ilə də tanış olub. Həmin yazını təqdim edirik:
Bizi şəhidimizin atası Şəmsəddin müəllim gülərüzlə qarşılayır. Hələ ötən dəfə Tofiqin yas mərasimində onunla tanışlığımız və hazırladığımız yazı ürəyincə olub. Bu dəfə də evə daxil olub şəhid atasıyla söhbət edirik. Elə evdə şkafın qarşısında Tofiqin bir neçə şəkillərinin vurulduğunu görürəm. Tofiqin şəkillərinə baxa-baxa şəhid atasıyla söhbət edirik. Atası deyir ki, Tofiq məzuniyyətə evə gələndə bir gün də olsun evdə oturmurdu:
“Bir neçə günlük evə məzuniyyətə gələndə gedib bibilərinə, əmilərinə baş çəkirdi. Gecə də gəlib yatıb tezdən hərbi hissəyə qayıdırdı. Deyirdim ki, Tofiq, sən heç istirahət etmədin. Bu həyətdə gördüyünüz yasəmən gülünü də Tofiq uşaq olanda əkib. Artıq ölkənin hər bir bölgəsindən insanlar bizə baş çəkirlər. Deyirlər ki, Tofiqin haqqında aldığımız məlumatlar bizi çox sevindirib və ona görə özümüzə borc bildik ki, bu evə gəlib sizə baş çəkək”.
Şəhidimizin atası deyir ki, Tofiq indi də onun yuxusuna girir, amma bəzən yuxularını xatırlamır:
“Oktyabrın 13-də Tofiq şəhid oldu, oktyabrın 26-da isə anası bu ağrıya dözməyərək vəfat etdi. Elə qəbirləri də qoşadır. Amma çalışırıq ki, bu ağrıya dözək və Tofiqin adını yaşatmaq üçün əlimizdən gələni edək”.
“Muzeyi tikməkdə məqsədim…”
“Evdə otağın birini Tofiqin bəy otağı etmişdik və bütün əşyaları da orda idi. Evləndirməyi planlaşdırırdıq, amma qismət olmadı. Daha sonra qərara gəldim ki, həyətdə ona bir muzey tikdirim. Dayıları və özüm pul qoyub muzeyi tikib başa çatdırdıq. Muzeyə Tofiqin əşyalarını, geyimlərini, oxuduğu kitablarını və əl işlərini yerləşdirdik. Bir sözlə, muzeyi tikməkdə məqsədim Tofiqin adını əbədiləşdirməkdir”.
Şəhid atasıyla birlikdə muzeyə daxil oluruq və bir-bir hər şeyi gözdən keçirirəm. Muzeydə Tofiqin çəkdiyi rəsmlərinin, oxuduğu kitablarının, fotolarıın, hərbi formalarının və medallarının yerləşdirildiyini görürəm. Masanın üstündə olan xatirə dəftərinə baxanda məlum olur ki, bura bir çox qonaqlar gəlib. Onlardan biri də Cəlilabadın icra başçısı Rafiq Cəlilovdur. İcra başçısı da xatirə dəftərinə öz ürək sözlərini yazıb. Muzeydə ürəkdağlayan daha bir foto isə Tofiqin anası Xatirə xanımın fotosudur. Sanki şəhidin anası da Vətən uğrunda Tofiqlə birlikdə şəhid olub.
Qeyd edək ki, Tofiq Şəmsəddin oğlu Əmirli 1992-ci il fevralın 27-də Cəlilabadın Fətullaqışlaq kəndində anadan olub.  Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının giziri olub. Vətən müharibəsi zamanı Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button