ManşetSosialUncategorized

Təhsil nazirinin menyusuna: Nabran ərazisində Azərbaycan dilində məktəb yoxdur!

“Nabranda 11 illik, yaxınlıqdakı Şimali  kəndində 9 illik məktəb var ki, orada da tədris yalnız ləzgi və rus dillərindədir. Sözügedən məktəblərdə həftədə 1 dəfə 1 saat Azərbaycan dili dərsi keçirilir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri jurnalist Zülfiyyə Qurbanova özünün Facebook hesabında yazıb.

O qeyd edib ki, bu məlumatı alanda əvvəlcə inanmayıb. “Məlumat verən şəxs 31 ildir Nabranda yaşadığını deyəndə və bu problem üzündən yaşadıqlarını danışanda dəhşətə gəldim. 93-cü ildən məskunlaşan 46 yaşlı laçınlı məcburi köçkün təhsil üçün öz uşaqlarını Rusiya sərhədində yerləşən Yalama qəsəbəsinə aparır. Xudatdan Rusiya sərhədinə qədər Azərbaycan dili bölməsi yalnız General Mahmud Əbilov adına  Yalama tam orta məktəbdə var. Övladlarını ana dildə oxutdurmaq istəyənlər uzaq kəndlərdən ora aparmağa məcburdurlar”.

Xanım Qurbanova bildirir ki, əslən laçınlı taksi sürücüsü deyir ki, bir tərəfə 10 km olmaqla hər gün 40 km məsafə qət edir: “Səhər tezdən oğlumla qızımı Nabrandan Yalamaya aparıb məktəbə qoyub, evə – Nabrana qayıdıram. Dərs bitəndə təzədən Yalamaya maşın sürüb, uşaqlarımı məktəbdən götürüb Nabrana geri dönürəm. Günüm yollarda keçir. Uşaqlarımı yaxınlıqdakı rus bölməsinə qoya bilərdim, amma istəmədim. Zatən bu ərazidə yaşayanlar ləzgi və rus dillərində danışırlar. Qorxdum ki, uşaqlarım öz dillərini unudar”.

Jurnalist qeyd edir ki, bölgədə uşaqlarını ana dilində oxutmaq istəyənlər bununla bağlı dəfələrlə rəsmi qurumlara müraciət ediblər. “Amma məsələni ciddiyə alan yoxdur. Əslində çox ciddi məsələdir, çox”.

Ümid edək ki, Elm və Təhsil Nazirliyi bununla bağlı hansısa addım atacaq. Şimal bölgəsində dövlət dilimizdə məktəbin olmaması isə heç də xeyrə əlamət deyil. Bu, həm dövlət dilinə olan sayğısızlıqdır, həm də qanunun kobud şəkildə pozulmasıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button