“Ukraynadan gətirilən quş ətinin 21-34 faizi sudan ibarətdir”

Ukraynada 1 kq quş ətinin maya dəyəri 88-89 avrosentə, Braziliyada 1,09 sentə, Avropa ölkələrində 1,45 dollara, Rusiyada 1,30 dollara başa gəlir. Azərbaycanda isə bu, hardasa 2,9-3 manata - 1,7-1,8 dollara çatır. Digər tərəfdən, qarşılıqlı müqavilələrə əsasən, Azərbaycan MDB ölkələrindən idxal olunan quş ətinə gömrük rüsumu tətbiq etmir. Bu isə ona gətirib çıxarır ki, tutalım, Ukraynada istehsal olunan quş əti hətta əlavə rüsumla belə idxal olunduqda, bizim yerli məhsulumuzdan ucuz başa gəlir. Bu sözləri damazlıq yumurta istehsalı sahəsində fəaliyyət göstərən iş adamı, Xəmsə MMC-nin sahibi Mürvət Həsənli musavat.com-a müsahibəsində deyib. 

O bununla belə Azərbaycanda pərakəndə satışda xarici istehsallı quş əti və hissələrinə demək olar ki, rast gəlinməməsinin səbəbini şərh edib: "Çünki xaricdən gətirilən quş ətini əsasən emal müəssisələrinə satırlar. Bu gün bir çox sahibkarlar həvəslə kənardan quş ətini gətirib, Azərbaycandakı kolbasa-sosiska istehsalı müəssisələrinə satırlar. Bu isə yerli quşçuluq təsərrüfatlarını çətin vəziyyətdə qoyur. Digər tərəfdən, Ukraynadan gətirilən quş ətinin 21-34 faizi sudan ibarətdir. Onlar maya dəyərini aşağı salmaq üçün ətə çoxlu su vururlar. Oradan gələn əti qazanda qaynadanda 1 kq ət 300 qram azalır, yerli məhsul isə cəmi 50 qram. Azərbaycanda qəbul olunmuş normativə əsasən quş ətinə 4-5 faizdən artıq suyun vurulması qadağandır. 

Əlavə idxal rüsumunun tətbiqi Türkiyə, Fransa və digər Avropa ölkələrindən idxal dayansa da, MDB ölkələrindən idxal onların yerini doldurur. Bu gün Azərbaycanda istehsal olunan quş ətinin əhəmiyyətli hissəsi təzə kəsilmiş formada satılır. Cəmi 7 gün istifadə müddəti olan bu məhsullar 1-2 günün içində satılır. Xaricdən isə əsasən kolbasa-sosiska istehsalına yarayan bud əti və file gətirilir. Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyi bu sahədə nəzarət tədbirlərini gücləndirib, 30-34 faiz su vurulan quş ətinin idxalının qarşısını alır”.

Maraqlıdır ki, əlavə rüsum müəyyənləşməsinə rəğmən, quş əti və yumurtanın idxalında son 3 ildə artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə 26 min 255 ton olan quş əti idxalı 2018-ci ildə 35 min tona çatıb. Bu ilin 8 ayında isə Azərbaycana 24 min 324,52 ton təzə, soyudulmuş və ya dondurulmuş formada ev quşlarının əti və ət əlavələri idxal olunub. Quş yumurtasının idxalı 2016-cı ildəki 19 milyon ədəddən 2017-ci ildə 133 min ədədə düşsə də, 2018-ci ildə yenidən 18,5 milyon ədədə yüksəlib. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər